Məhkəmə qərarları › İş №3(062)-630/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-630/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-630/2025 28.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, X5 iclas katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Tovuz rayon vəkil bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1991-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işləməyən, əlilliyi olmayan, Tovuz rayonu İbrahimhacılı kəndində yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)- 1471/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış 6200 manat məbləğdə aliment borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 bildirmişdir ki, borclu Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-1471/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış 6200 manat məbləğdə aliment borcunu ödəməmişdir. Ölkə ərazisində olmadığı üçün icra sənədi üzrə icraata başlanması haqqında xəbərdar edilməsi mümkün olmamışdır. Sonradan, yəni xx.xx.2024-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin 2(062)-1720/2024 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahın doğulmuş Bünyamin adlı uşağın Şəxs yanında qalması qət edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, ölkə ərasində olmadığı üçün aliment borcu yığılmışdır. Ölkədə olduğu dövrdə mütəmadi ödəniş etmişdir. Övladı Bünyamin hazırda məhkəmə qətnaməsi ilə onun yanındadır. Hazırda aliment borcundan əlavə olaraq 500 manat məbləği poçt vasitəsilə tələbkara ödəmişdir. Ödənişləri ilə bağlı müvafiq qəbzləri məhkəməyə təqdim edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Tovuz rayon vəkil bürosunun vəkili X3 borclunun əməlində inzibati xəta tərkibinin olmadığını, mütamadi ödəniş edilməsini nəzərə alaraq icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin 2(062)-1471/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs xx.xx.2019-cu il təvəllüdlü Bünyamin və xx.xx.2021-ci il təvəllüdlü Aylanur adlı uşaqların anası X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment alınaraq X4 ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1471/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmış və həmin qərar tələbin könüllü icrası barədə bildiriş tərtib edilmişdir. Lakin həmin sənədlərin borcluya çatdırılması və ya başqa formada tanış edilməsi ilə bağlı heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Şəxs sərhədkeçmə haqqında məlumatlarına əsasən o, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ölkə ərazisini Moskva şəhəri istiqamətində tərk etmiş və xx.xx.2025-ci il tarixdə geri qayıtmışdır. Borclu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 10573 və 25532 nömrəli, xx.xx.2025-ci il tarixli 14809 nömrəli “mpay” ödəniş qəbzlərinə, həmçinin xx.xx.2025-ci il tarixli ********* nömrəli poçt qəbzinə əsasən həmin tarixlərə uyğun olaraq 360 manat, 270 manat, 100 manat və 500 manat məbləğdə vəsait tələbkar X4 göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs uzun müddət ölkə ərazisində olmaması, ölkə ərazisində olduğu dövrdə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini tam olmasa da, tələbkara maddi imkanının yol verdiyi məbləğdə ödəməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğinin ödənilməsindən yayınmamış, icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğindən zərərçəkmiş şəxsə mütəmadi olaraq ödənişlər etmiş və bu hal ödəniş qəbzləri, həm də icra məmuru tərəfindən məhkəmə iclasında təsdiq olunmuşdur. Belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun aliment məbləğindən mütəmadi olaraq maddi imkanın yol verdiyi həddə ödənişlər etməsi öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs ölkə ərazisində olduğu dövrdə aliment ödənişləri etməsi, ölkəyə qayıtdıqdan sonra da 500 manat ödəniş etməsi ilə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar