Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-633/2024 16.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 və Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X5 iştirakı ilə, Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan barəsində tənbeh tətbiq edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun barəsində İXM-nin 327.2 və 332.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və 80 manat miqdarında cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz qəbul edilmişdir. Belə ki, hadisə zamanı onun idarə etdiyi “Opel Astra” minik markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi olan anası avtomaşında olmuş, eyni zamanda o, qarşı hərəkət zolağına çıxmamışdır. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığı üçün özündə olmamış və avtomobildə tək olduğunu göstərmişdir. Hansı ki, anası da avtomobildə olmuşdur. Hətta onu xəstəxanaya anası aparmış və aldığı xəsarətlərə görə 10 gün müddətində işə çıxa bilməmişdir. Sığorta işçiləri ilə də danışan zaman avtomobildə tək olduğunu bildirməmişdir. Hansı ki, onların danışığı video qeydə alınmışdır. Lakin bu kimi hallar polis orqanı tərəfindən nəzərə alınmamışdır. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və qərarı müdafiə edərək göstərdi ki, barəsində qərar qəbul edilmiş şəxs yol-nəqliyyat hadisəsi törədərkən avtomaşında tək olmuşdur. İşin bu halı şəxsin izahatı və hadisə şahidlərinin bildirdikləri ilə də öz təsdiqini tapır. Həmçinin şəxs sığorta əməkdaşı ilə danışan zaman da avtomobildə tək olduğunu bildirmişdir. Həmin sığorta əməkdaşı məzuniyyətdə olduğu üçün video görüntünü təqdim edə bilmir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə 80 manat məbləğində cərimə edilmişdir. Cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə inzibati tənbeh görülməsi üçün qərarın surətinin Tovuz RPŞ-nin X9 bölməsinə göndərilməsi qərara alınmışdır. Qərarın təsviri əsaslandırıcı hissəsindən görünür ki, X4 yol-nəqliyyat hadisəsi törədərkən avtomaşında tək olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndində göstərilmişdir ki, yol hərəkəti iştirakçısı — hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınmazı üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir. Həmin Qanunun 36-cı maddəsinin İ bəndində göstərilmişdir ki, yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Həmin Qanunun 37-ci maddəsinin İ bəndinin 1-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd olunmuşdur ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İş materialları ilə müəyyən edilir ki, X4 tərəfindən “Opel Astra” minik markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomaşın idarə edilən zaman yol-nəqliyyat hadisəsi törətmiş və hadisə baş verərkən avtomaşında tək olmuşdur. Məhkəmə hesab edir ki, Orxan Quliyev inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Onun qərarın ləğvi üçün göstərdiyi xüsusatlar barəsində tənbeh tədbiri tətbiq edilməsini aradan qaldıran hallara aid deyildir. Hadisə nəticəsində xəsarət almamış və bununla bağlı müvafiq rəy verilməmişdir. Bu da onu deməyə əsas verir ki, onun izahat verərkən özündə olmaması və hadisənin detallarını düzgün xatırlamamasını bildirməsi özünümüdafiə xarakteri daşımaqla inzibati məsuliyyətdən yayınmaq niyyəti ilə əhatə olunur. Hansı ki, cinayət işinin başlanmasının rədd olunması qərarda Orxan Quliyevin avtomobildə tək olması özünün izahatı ilə təsdiq edilir. Odur ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməməli və Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-633/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-633/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver