Məhkəmə qərarları › İş №3(062)-633/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-633/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-633/2025 08.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında EQ30082686 nömrəli xx.xx.2025-ci il tarixli elektron qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 DİN-in Baş Dövlət Yol polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ30082686 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və cərimənin silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində saat 12:45-də, M-2 244.2 km, Ucar rayonu, Ucar şəhəri, Bakı istiqamətində "MAN TGX 18.440" yük markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən inzibati məsuliyyətə cəlb edilmiş və telefonuna SMS vasitəsilə EQ30082686 nömrəli qərarda qeyd olunmuş 600 manat məbləğində cərimə bildirişi gəlmişdir. X1 Məcəlləsinin 353.2-ci maddəsi ilə cərimə olunduğu göstərilmişdir. "MAN TGX 18.440" yük markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Şəmkir rayonu ərazisində, tikinti materialından ibarət plomblanmış yük yüklənildikdən sonra nəqliyyat vasitəsinin çəkisi tərəzi vasitəsilə yoxlanılmış, nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisinin 39790 kq olduğu müəyyən edilmiş və ona bu barədə xx.xx.2025-ci il tarixli "tərəzi qəbzi" verilmişdir. Həmin gün saat 12:45də, M-2 244.2 km, Ucar rayonu, Ucar şəhəri, Bakı istiqamətində hərəkətdə olarkən, həmin ərazidə AYNA-ya məxsus tərəzidən keçərkən, tərəzi çəkini səhv ölçərək, normadan artıq yəni 43120 kq olduğunu qeydə almışdır. Həmin an qeydə alınmış fotogörüntülərdən görünür ki, tərəzi onun nəqliyyat vasitəsinin çəkisini qeydə alan zaman, arxadan yaxınlaşan kiçik yük masını onun nəqliyyat vasitəsinə çox yaxın məsafədə olmuş və ölçü xəttinin üzərinə çıxmaqla onun nəqliyyat vasitəsinin çəkisinin artıq qeydə alınmasına səbəb olmuşdur. Bundan sonra o, nəqliyyat vəsitəsinin çəkisini bir daha ölçdürüb əmin olmaq üçün, Sumqayıt ərazisində olan tərəzidən keçərək, nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisinin 39630 kq olduğunu müəyyən etmiş və ona bu barədə tərəzi qəbzi verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmağına baxmayaraq X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmağına baxmayaraq BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş EQ30082686 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, **-CD-*** dövlət qeydiyyat nişanlı "MAN TGX 18.440" yük markalı yük avtomobilinin sürücüsü X3 xx.xx.2025-ci il tarixdə Ucar rayonu, Ucar şəhəri, Bakı istiqamətində iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə 600 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əlavə edilmiş xüsusi texniki vasitənin qeydə aldığı foto materiallara və məlumatlara əsasən yolda icazə verilən maksimum kütlə 40000 kq olsa da inzibati xəta aşkarlanarkən həmin avtomobilin faktiki kütləsi 43120 kq təşkil etmişdir. Şikayətçi tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli saat 09:45 və 17:46-ya aid 2 ədəd tərəzi qəbzi təqdim edilmişdir. Saat 09:45-ə aid qəbzə əsasən **-CD-*** dövlət qeydiyyat nişanlı "MAN TGX 18.440" yük markalı yük avtomobilinin ümumi çəkisi 39790 kq, saat 17:46-ya aid tərəzi qəbzinə əsasən isə 39630 kq olmuşdur. Qəbzlər adi çap formatında tərtib olunmuş, heç bir üsulla təsdiqlənməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırma zamanı işin tədqiq olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış və sübuta yetirilmiş, inzibati xəta hadisəsinin baş verdiyini və sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən xüsusi texniki vasitənin qeydə aldığı məlumatlar və foto materiallar qərara əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin 3.1-ci bəndinə əsasən icazə verilən ümumi kütlə 40 ton müəyyən edilmişdir. İnzibati xəta aşkarlanarkən **-CD-*** dövlət qeydiyyat nişanlı "MAN TGX 18.440" yük markalı avtomobilin faktiki kütləsi 43120 kq, yəni icazə verilən ümumi kütlədən artıq təşkil etmişdir. Şikayətçi özünün təqdim etdiyi xx.xx.2025-ci il tarixli saat 09:45 və 17:46-ya aid 2 ədəd tərəzi qəbzinə istinad edərək yolda quraşdırılmış xüsusi texniki vasitənin göstəricisini mübahisələndirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, saat 09:45-ə aid qəbzə əsasən **- CD-*** dövlət qeydiyyat nişanlı "MAN TGX 18.440" yük markalı yük avtomobilinin ümumi çəkisi 39790 kq, saat 17:46-ya aid tərəzi qəbzinə əsasən isə 39630 kq müəyyən edilməklə bir-biri ilə ziddiyyətlidir. Həmçinin bu qəbzlər adi çap formatında tərtib olunmuş, həqiqi olması qənaətinə gəlməyə imkan verən heç bir üsulla təsdiqlənməmişdir. Buna görə də şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş bu dəlillər mötəbər qəbul edilə bilməz. Həmçinin məhkəmə araşdırması zamanı pozuntunu qeydə alan xüsusi texniki vasitənin göstəricilərini şübhə altına alan başqa heç bir hal müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən ağır çəkili nəqliyyat vasitəsinin, yəni **-CD-*** dövlət qeydiyyat nişanlı "MAN TGX 18.440" yük markalı avtomobilin xx.xx.2025-ci il tarixdə icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğundur və həmin əmələ görə inzibati məsuliyyət müəyyən edən qanunun norması, yəni İXM-nin 353.2-ci maddəsi düzgün tətbiq edilmişdir. İXM-nin 353.2-ci maddəsinin sanksiyasında fiziki şəхslərin altı yüz mаnаt məbləğində cərimə edilməsi konkret müəyyən edildiyindən tətbiq edilmiş tənbeh İXM-nin tələblərinə uyğundur. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanına əsasən İXM-nin 353.2-ci maddəsinin baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Bu baxımdan inzibati xəta haqqında iş üzrə EQ30082686 nömrəli xx.xx.2025-ci il tarixli qərar buna səlahiyyəti çatan orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmişdir. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) apardığı araşdırma zamanı müvafiq inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasını müəyyən edən İXM-nin 122 və 127-1-ci maddələrinin, həmçinin bu Məcəllə ilə müəyyən edilmiş digər tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halı müəyyən edilməmişdir. Odur ki, qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 122, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.2025-ci il tarixli, EQ30082686 nömrəli “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” elektron qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar