Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-641/2025 10.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ29938224 saylı qərardan barəsində tənbeh tətbiq edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Mərkəzi informasiya Sistemi tərəfindən onun barəsində qəbul olunmuş «Yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli, EQ29938224 nömrəli qərarın ləğv edilməsi, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barəsində DİN-in mərkəzi informasiya sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ29938224 saylı inzibati xəta haqqında protokol üzrə xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında qərar çıxarılmış və İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 600 manat miqdarında cərimə edilmişdir. Onun idarə etdiyi avtomaşının yüklə birlikdə icazə verilmiş maksimum kütləsi 42 tondur. Onun barəsində cərimə tətbiq edilərkən isə yüklə birlikdə avtomaşının faktiki çəkisi 41620 kq olmuşdur. Eyni zamanda inzibati xəta Ucar rayonunda qeydə alınmış, bundan əvvəl Ağstafa rayonunda, bundan sonra isə Qaradağ rayonunda ona məxsus avtomaşın tərəzidən keçmiş və artıq yük qeydə alınmamışdır. Tələb etdikdə isə buna dair ona sənəd təqdim edilməmişdir. Yükə dair alıcı tərəfindən müvafiq sənəd verilmiş və yüklə birlikdə çəkinin 41620 kq olması təsdiq olunmuşdur. Odur ki, hazırki şikayət ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da onlar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin «Yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli, EQ29938224 saylı qərarının surətindən müəyyən olunur ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 600 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş MA-AV116070 nömrəli, xx.xx.2025-ci il tarixli qaimədən müəyyən olunur ki, sürücü Qələndər Məmmədhəsənovun idarə etdiyi ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 11:59-da yükün qəbulu məntəqəsinə daxil olmuş və yükün çəkisi 41620 kq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən, qoşqulu avtoqatarlar üçün ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə, üçoxlu yük avtomobili ikioxlu qoşqu ilə icazə verilən maksimum kütlə parametri 42 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə hesab edir ki, sübutetmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür. Lakin inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati xəta haqqında qərarı, protokolu, həmçinin inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirən videogörüntüləri və ya səs yazılarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda işin hallarını müəyyən edən materiallar natamam olduğundan, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün deyildir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş MA-AV116070 nömrəli, xx.xx.2025-ci il tarixli qaimədən müəyyən olunur ki, sürücü Qələndər Məmmədhəsənovun idarə etdiyi ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 11.59-da yükün qəbulu məntəqəsinə daxil olmuş və yükün çəkisi 41620 kq olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 3C:E4:B0:E4:7E:BF nömrəli kamerasına məxsus fotoşəkillərə əsasən xx.xx.2025-ci il tarixdə, saat 04:34:16-da “Kamaz 55111” yük markalı, ** BU *** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kütləsi maksimum 42000 olmalı olduğu halda, 44820 kq müəyyən edilmişdir. Göründüyü kimi, qərar qəbul edilməsində istinad edilən xüsusi texniki vasitənin məlumatları ilə X1 şikayətində istinad etdiyi yükə dair qaimələrdə göstərilən məlumatları arasındakı ziddiyyət, həmçinin Qazax rayonundan Bakı şəhərinədək yolda olan olan digər elektron tərəzilər vasitəsilə ölçmə zamanı artıq çəki aşkar edilməməsi halları aydınlaşdırılmamış, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin «Yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli, EQ29938224 saylı qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 130, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli, EQ29938224 saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №3(062)-641/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-641/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver