Məhkəmə qərarları › İş №3(062)-645/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-645/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-645/2024 31.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1970-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əlilliyi olmayan, Şəmkir rayonu Düyərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsi X2 daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Tovuz rayonu ərazisində avtomaşınların qarşısına qaçdığı üçün oraya gələn polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüş və onu polis bölməsinə dəvət edərkən polislərin qanuni tələblərinə tabe olmamışdır. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında rotokol tərtib etmiş Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi, polis mayoru X3 protokola uyğun izahat verərək göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Tovuz rayonu ərazisində avtomaşınların qarşısına qaçdığı üçün oraya gələn polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüş və onu polis bölməsinə dəvət edərkən polislərin qanuni tələblərinə tabe olmamışdır. Ona görə də bu barədə müvafiq protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirdi ki, o, Şəmkir rayonu Düyərli kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində evinə getmək üçün avtomaşınlara əl etmişdir. Bundan sonra onun yanına polis əməkdaşları gəlmiş və onu Qovlar polis bölməsinə dəvət etmişlər. O, sonuncularla polis bölməsinə getmişdir. O, heç kimə nalayiq söyüş söyməmiş və polis qanuni tələblərinə tabesizlik göstərməmişdir. Odur ki, barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinə daxil olan bütün tövsifedici əlamətlər olmadığından onun barəsində olan inzibati xətalar barədə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati qaydada işinə baxılan Şəxs ictimai qaydanı pozmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməmiş və polis əməkdaşlarının qanuni tələblərinə qarşı hər hansı tabesizlik hərəkətlərinə yol verməmişdir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, şəxsin əməlində inzibati xətalar barədə işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xətalar haqqında işlərə baxılarkən qərar (qərardad) çıxarılır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə materiala xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar