Məhkəmə qərarları › İş №3(062)-667/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-667/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-667/2023 09.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Qaraxanlı kəndində qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2 (062)-541/2020 saylı icra vərəqəsinə əsasən 11 iyun 2015-ci ildə anadan olmuş Gülər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit pul məbləğində 140 manat alimentin alınaraq X1 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2 (062)-541/2020 saylı icra vərəqəsinə əsasən 11 iyun 2015-ci ildə anadan olmuş Gülər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit pul məbləğində 140 manat alimentin alınaraq X1 verilməsi qət olunmuşdur. Həmin icra vərəqəsinin icrasından Şəxs üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Şəxs icra vərəqəsi üzrə bircundan bugünədək heç bir ödəmə etməmişdir. X4 borcu 5880 manat təşkil edir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, məhkəmə tərəfindən uşağı üçün müəyyən olunmuş alimenti ödəmişdir. Əslində borcu da o qədər deyil. Onda olan qəbzlər ilə onun hər ay ödəmə etməsi müəyyən olunur. Borcundan bu qəbzlərlə 2755 manat ödəmə etdiyi müəyyən olunur. Qəbzləri icra məmuruna verməyin vacib olduğunu bilməmişdir. Bundan başqa da ödəmələri mövcuddur. Bəzi qəbzləri özündə saxlamamışdır. Borcu mövcud olsa da onu da tezliklə ödəyəcək. Bundan başqa xəstəliyi ilə əlaqədar olaraq son 4 aydır ödəmə edə bilmir. Yığılmış həmin borcu da tez bir zamanda ödəyəcəkdir. Borcunu ödəməkdən yayınmaq fikri yoxdur. Ona görə də hesab edir ki, qətnamənin icrasından qərəzli boyun qaçırmır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi göstərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu təqdim etdiyi qəbzlər üzrə aliment borcundan 2023-cü ilin mart ayı da daxil olmaqla hər ay borcundan ödəmələr edir. Qətnamənin icrasından boyun qaçırmır. İcra məmuru tərəfindən Şəxs ümumilikdə borcu 5880 manat müəyyən olunmuşdur ki, buradan da onun məhkəmənin qətnaməsindən heç bir ödəniş olmadığı kimi göstərilmişdir. Əslində təqdim olunan qəbzlərdən görünür ki, Şəxs 2755 manat ödəmə etmişdir. Bundan başqa yığılmış borc da və son 4 ay ərzində ödəmə edə bilməməsinin səbəbi də xəstəliyi ilə əlaqədar olmuşdur. Bundan sonra da Şəxs yığılan borcunun və hər ay alimenti ödəmək istəyinin olması göstərir ki, o qərarın icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar