Məhkəmə qərarları › İş №3(062)-671/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-671/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-671/2025 10.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis leytanantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvansız nalayiq ifadələr işlətmiş və polisin qanuni göstərişlərinə tabe olmamışdır. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 protokola uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22:26-da Tovuz rayonu, Aşağı Quşçu kənd sakini X3 DİN-in “102” Qaynar Xəttinə zəng edərək atası Şəxs anasını döydüyünü demişdir. Polis əməkdaşları əməliyyat qrupu ilə hadisə yerinə yollandıqda Şəxs sərxoş halda küçədə ucadan arvadının ünvanına nalayiq ifadələr işlətdiyini müşahidə etmişlər. Şəxs polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilsə də, o, polisin qanuni tələbinə tabe olmayaraq ucadan nalayiq ifadələr səsləndirməyə davam etmişdir. Daha sonra Şəxs Tovuz RPŞ-yə gətirilərək onun barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmədən barəsində qanuna uyğun qaydada inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat apararılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 22:00 radələrində Tovuz rayon Aşağı Quşçu kəndində, evdə olarkən arvadı ilə mübahisə etmiş və bu vaxt əsəbi olduğu üçün nalayiq ifadələr işlətmişdir. Sərxoş olduğu üçün polisin qanuni tələbinə tabe olmamış, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmişdir, hazırda əməlindən səmimi peşmandır və gələcəkdə bir daha belə halların baş verməyəcəyinə dair söz verir. Məhkəmədən barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 34, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli 09 sentyabr 2025-ci il tarixdən, saat 23:00-dan hesablansın. Qərаrın icrаsı Tovuz Rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar