Məhkəmə qərarları › İş №3(062)-672/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-672/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-672/2025 22.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə, X1 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30377583 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30377583 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ağır tonlu yük avtomobilini idarə edir. 02 sentyabr 2025-ci il tarixdə inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən hərəkət halında çəki ölçmə nəzarət sistemi Ucar rayonu ərazisində Bakı istiqamətində müəyyən edilmişdir ki, guya 02 sentyabr 2025-ci il tarixdə saat 16:44-də DAF FT XF 105.460T markalı **-BR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin istifadəçisi X2 tərəfindən ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və kütlə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydaları pozulmuş, nəticədə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də barəsində 600 manat cərimə tətbiq edilmişdir. Onun avtomobilinə Tovuz rayonu Əyyublu kəndində 25480 kq yük qoyulmuşdur. Avtomobilin özünün çəkisi isə 14200 kq-dır. Ümumi çəki 39680 kq olmuşdur. Tovuz rayonundan Ucar rayonu ərazisinədək bir neçə elektron tərəzidən keçmişdir. Heç bir yerdə qanun pozuntusu aşkar edilməmişdir. Ona görə də inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsi barədə xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. X2 məhkəməyə ərizə göndərərək işdə iştirak edə bilməyəcəyini məhkəmə icılasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30377583 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN BDYPİ -nin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 30377583 nömrəli qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 16:44-də M-2 244.2 km, Ucar rayonu, Ucar şəhəri, Bakı istiqamətində DAF FT XF 105.460T yük markalı, 60BR299 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş və bununla da AR İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli tərəzi qəbzinə əsasən 60BR299 dövlət qeydiyyat nişanlı avtomobil ümumi çəkisi 39680 kq müəyyən edilmiş, ölçmə 08:43-də aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində olan xx.xx.2025ci il tarixli, EQ 30377583 nömrəli qərar qəbul edilərkən kifayət qədər sübuta istinad edilməmiş, qərar qəbul edilməsində istinad edilən xüsusi texniki vasitənin məlumatları ilə X1 şikayətində istinad etdiyi tərəzi qəbzinin göstəriciləri arasındakı ziddiyyət aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 30377583 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, inzibati xətanın törədildiyi vaxt (xx.xx.2025-ci il tarixdə) X2 qanunvericiliyin müddəalarında nəzərdə tutulan həddən artıq yükün daşınması və buna dair sübutlar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30377583 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30377583 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar