Məhkəmə qərarları › İş №3(062)-676/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-676/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-676/2023 12.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi, X1, 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 31 iyul 2023-cü il tarixli MN № ******* saylı qərarından X7 tərəfindən verilmiş şikayətə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 31 iyul 2023-cü il tarixli MN № ******* saylı qərar qəbul edilməklə Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən 2000 (iki min) manat miqarında cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 31 iyul 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əsassız olaraq 31 iyul 2023-cü il tarixdə MN ******* sayli inzibati tənbeh vermə haqqinda qərar qəbul edilmişdir. Qərarda onun vəzifəli şəxs olmağı qeyd olunaraq Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən məsuliyyət müəyyən olunaraq 2000 manat cərimə olmuşdur. Həmin qərar qanunsuz və əsassız qəbul olunmuşdur. Belə ki, İXM-nin 271ci maddəsinə əsasən sənayə və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. O, isə Tovuz rayonu Əyyublu kəndində bələdiyyə sədri işləyir. O, ümumilikdə məişət tullantıların qalaqlanması qaydalarını pozmamışdır. Belə ki, o, heç bir senayə tullantısını qalaqlamamışdır və onunla bağlı qaydaları da pozmamışdır. Buna baxmayaraq əsassız olaraq barəsində protokol tərtib olunaraq qərar qəbul olunmuşdur. Ümumilikdə götürüldükdə Tovuz rayonu Əyyublu kəndi ərazisində heç bir qalaqlanmış zibil olmamışdır. Ona görə də qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, qərarın hər hansı hüquqi əsası yoxdur. Heç bir araşdırılma aparılmadan qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirdi ki, bələdiyə tərəfindən ərazi daimi nəzarətdə saxlanmalı, tullantıların yandırılmasına yol verilməməlidir. Ona görə də nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, X7 barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə olan inzibati xəta haqda qərar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, əvvəla inzibati orqan tərəfindən inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236 - 242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa aid səbəblərdən biri inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsidir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə başlanılmış hesab edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati orqan inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərsar qəbul etsə də, o inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində iş üzrə icraata aparılan şəxsin iştirakının təmin edilməsinə dair sübutlar təqdim etməmişdir. Eyni zamanda işdə X4 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş xətanın onun tərəfindən törədilməsinə dəlalət edən başqa hər hansı sübutlar mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzbati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 13 iyul 2023-cü il tarixli MN № ******* saylı qərar ləğv edilməli və barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat cərimə edilməsinə dair 13 iyul 2023-cü il tarixli MN № ******* saylı qərar ləğv edilsin və barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar