Məhkəmə qərarları › İş №3(062)-676/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-676/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-676/2024 19.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X3 və inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 21931727 saylı elektron qərardan barəsində tənbeh tətbiq edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, EQ21931727 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü ildə idarəvetdiyi “Honda CRV” markalı ** TC *** dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə Tovuz şəhəri F.Ələkbərov küçəsi ilə hərəkət edərək həmin küçə ilə Həzi Aslanov küçəsinin kəsişməsindən sağa dönmə manevri etmiş, həmin vaxt heç bir qadağanedici nişan görməmişdir. Daha sonra isə Həzi Aslanov küçəsindən Rövşən Məmmədov küçəsinə dönərək hərəkəti davam etdirmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar qanunsuzdur və ləğv edilməlidir. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, həmin vaxt hər hansı qadağanedici nişan görməmiş, təhlükəsiz şəraitdə hərəkətini davam etdirmişdir. Odur ki, şikayətin təmin edilərək qərarın ləğv edilməsini xahiş etdi. Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və qərarı müdafiə edərək göstərdi ki, barəsində qərar qəbul edilmiş şəxs məcburi hərəkət nişanının tələbini pozmuş, hərəkət istiqamətinin əksinə hərəkət edərək inzibati xəta törətmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ21931727 saylı qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33cü bəndində göstərilmişdir ki, yol hərəkəti iştirakçısı — hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınmazı üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir. Həmin Qanunun 36-cı maddəsinin İ bəndində göstərilmişdir ki, yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Həmin Qanunun 61-ci maddəsinin İ və İİ bəndlərində göstərilmişdir ki, Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. Bu nişanların dairəvi forması və mavi fonu vardır. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində qeyd olunmuşdur ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir İş materialları ilə müəyyən edilir ki, X4 tərəfindən “Honda CRV” markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomaşın idarə edilən zaman hərəkət istiqamətinin əksinə hərəkət edərək inzibati xəta törədilmişdir. Hansı ki, Tovuz şəhəri F.Ələkbərov küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində Məcburi hərəkət istiqaməti nişanı vardır. Məhkəmə hesab edir ki, Saidə Ələkbərovanın inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Onun qərarın ləğvi üçün göstərdiyi xüsusatlar barəsində tənbeh tədbiri tətbiq edilməsini aradan qaldıran hallara aid deyildir. Odur ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməməli və xx.xx.2024-cü il tarixli, EQ21931727 saylı qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ21931727 saylı elektron qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar