Məhkəmə qərarları › İş №3(062)-677/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-677/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-677/2024 09.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ İTB-nin sahə rəisi polis baş leytenantı X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx xxxx 1974-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əlilliyi olmayan, evli, əvvəllər məhkum olunmamış, Tovuz Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli qərarına əsasən 10 gün inzibati qaydada həbs edilmiş, Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olan, Şəxs- Barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 09 avqust 2024-cü il tarixdə saat 03:20 radələrində yaşadığı Tovuz rayon Bozalqanlı kəndində yerləşən fərdi yaşayış evinin qarşısında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və bununla bağlı onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Baş vermiş xəta ilə əlaqədar Şəxs barəsində 09 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs verdiyi ifadəsində göstərdi ki, 09 avqust 2024-cü il tarixdə Tovuz rayonu Bozalqanlı kəndində yerləşən fərdi yaşayış evinin qarşısında səs-küyə çıxmışdır. Küçəyə çıxan zaman orada polis əməkdaşlarını görüb ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Bununla bağlı polis əməkdaşları onu nizam-intizama dəvət etsə də o polis əməkdaşlarının qanuni tələbinə içkili və əsəbi olduğu üçün tabe olmamışdır. Hazırda əməlindən səmimi peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs dinləyib iş materiallarını tədqiq edərək belə qərara gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif edilməli və həmin maddələrlə təqsirli bilinib inzbati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İşə əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İşə əlavə olunmuş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 avqust 2024-cü il tarixdə saat 04:10-da tutularaq müvəqqəti saxlama yerinə yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla ona daha ciddi xəta olan İXM-nin 535.1-ci maddəsinin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun inzibati qaydada həbs olunmasını məqsədə müvafiq hesab edir. İnzibati qaydada həbs etmənin əvvəli Şəxs hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 09 avqust 2024-cü il tarixdən saat 04:10dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 22 (iyirmi iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 09 avqust 2024-cü il tarixdən saat 04:10-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar