Məhkəmə qərarları › İş №3(062)-682/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-682/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-682/2023 11.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərəçəkmiş şəxs Xəlilova (Rüstəmova) Gülnar Məsim qızının, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Bozalqanlı kəndində qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 2(062)-313/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 16 iyun 2016-cı ildə anadan olmuş Fatimə adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat alimentin alınaraq X2 verilməsi qət edilməsinə baxmayaraq Şəxs icra sənədi üzrə borcunu icra məmurunun müəyyən etdiyi müddətdə yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, 2(062)-313/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 16 iyun 2016-cı ildə anadan olmuş Fatimə adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat alimentin alınaraq X2 verilməsi barədə icra vərəqəsinin tam ödənilməsindən imtina etmişdir. Belə ki, son hesablamaya əsasən Şəxs borcu 2000 manat təşkil edir. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tam şəkildə ödəməmişdir. İcra sənədinin icrasından üzrsüz səbəblərdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun borcu 2000 manat təşkil edir. Hər ay alimentindən ödəmə etsə də məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş məbləği maddi imkanı zəif olduğundan tam icra edə bilmir. Borcu 2000 manat təşkil edir. Hazırda borcundan maddi imkanı olmadığı üçün ödəmə edə bilmir. Avqust ayının 16-da işlədiyi yerdən pul alanda yenə də ödəmə etmək fikri var. Vaxt verilərsə borcunu ödəyə bilər. Hazırda maddi imkanı yoxdur. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəmə iclasında bildirdi ki, Şəxs hər ay ödəmə etməyinə baxmayaraq alimenti tam ödəmir. Dəfələrlə Şəxs güzəşt edilməsinə baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Dəfələrlə icra məmuruna borcun ödənilməməsi barədə iradını bildirmişdir. Şəxs vaxt verilməsini borcunu ödəmək üçün yox, məsuliyyətdən yayınmaq üçün istəyir. Bu gün Şəxs borcunu tamamilə ödəməsə qəbul etməyəcəkdir. Ona görə də ondan şikayətçidir və tutulmasını istəyir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, yuxarıda qeyd olunan məsuliyyətini yüngülləşdirən halı və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs olunmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 11 avqust 2023-cü il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar