Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-688/2024 14.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1954-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Düz Cıdraxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanı kobud surətdə pozaraq polisin qanuni tələbinə tabe olmamış və X1 ünvanına nalayiq söyüşlər işlətmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X8 protokola uyğun izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Tovuz RPŞ-nin inzibati binasının qarşısında Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı X2 qarşı nalayiq ifadələr uşlətməklə ucadan səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Bu zaman isə onu nizam intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmadan əməlini davam etdirmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı törətdiyini etiraf etməyərək bildirdi ki, onun tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Əksinə onu polis əməkdaşları təhqir etmiş və döymüşlər. Ümumiyyətlə polis əməkdaşları ona qarşı qərəzlidirlər. Hesab edir ki, barəsində olan inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, inzibati xəta törətmiş şəxs Şəxs polis şöbəsinin qarşısına gələrək ona qarşı küçə söyüşləri işlətmişdir. Bunun səbəbin özü bilməmişdir. Həm özü, həm də digər polis əməkdaşları tərəfindən barəsində inzibati icraat aparılan şəxs intizama dəvət edilsə də, öz hərəkətlərinə davam etmiş, əksinə daha da ucadan onu təhqir etməyə başlamışdır. İnzibati xəta törətmiş şəxs həmin hərəkətləri bir neçənci dəfədir edir. Yaşı inzibati qaydada həbs edilməyə imkan vermədiyi üçün əməllərindən əl çəkmir. Odur ki, Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Tovuz RPŞ-nin PPXB-nin polis nəfəridir. xx.xx.2024-cü il tarixdə Şəxs Tovuz RPŞ-nin inzibati binasının qarşısında Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı X2 qarşı nalayiq ifadələr uşlətməklə ucadan səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Ona yaxınlaşaraq nizamintizama dəvət etmiş, lakin həmin şəxs hərərkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 da digər şahid Rəşad Qurbanovun izahatında göstərilənlərlə eyni məzmunlu izahat verdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə göstərir ki, Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi ictimai qaydanı pozması və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları ilə təsdiqini tapır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs adıçəkilən Məcəllənin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İnzibati Xətalar Məcəlləsinin daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və aрırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Eyni zamanda onun səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdməsi, habelə, inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi ağırlaşdırıcı hal hesab olunur. Məhkəmə inzibati xətanın xarakterini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaş həddini nəzərə alaraq hesab edir ki, şəxsə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-688/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-688/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver