Məhkəmə qərarları › İş №3(062)-689/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-689/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-689/2023 11.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 03 avqust 1971-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, İİİ qrup əlilliyi olan, Tovuz rayonu Dondar Quşçu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs məxsus olan 0,25 ha həyətyanı torpaq sahəsi ilə Şəxs sahibliyində olan həyətyanı torpaq sahəsinin ara sərhəddində olan su arxının istiqaməti Şəxs hesabına dəyişdirilməsi və suyun boru ilə aparılması barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs məxsus olan 0,25 ha həyətyanı torpaq sahəsi ilə Şəxs sahibliyində olan həyətyanı torpaq sahəsinin ara sərhəddində olan su arxının istiqaməti Şəxs hesabına dəyişdirilməsi və suyun boru ilə aparılması qət olunmuşdur. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq o icra vərəqəsini icra etməmişdir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin qərarına əsasən Zərərçəkmiş şəxs ilə ara sərhədində olan torpaq sahəsində yerləşən arxın istoiqamətinin dəyişilməsi və suyun boru vasitəsilə aparılması barədə icra vərəqəsini icra etmişdir. Bu barədə əvvəlki icra məmuru da orada iştirak edərək çəkiliş aparmış və suyu boru ilə aparılmasının da şahidi olmuşdur. İcra vərəqəsini icra etmişdir. Hazırda əsassız olaraq barəsində protokol tərtib olunmuşdur. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Şəxs ilə qonşuluqda yaşayırlar. Şəxs onunla aralarında yerləşən dəmir toru bərpa etməməklə icra vərəqəsi üzrə öhdəliyindən boyun qaçırmaqla, qətnaməni icra etmir. Şəxs torpaq sahələri arasında dəmir toru bərpa etməsə ondan şikayətçidir və məhkəmədən ədalətli qərar qəbul etməsini istəyir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs icra vərəqəsi üzrə tələbin icra olunmasından boyun qaçırmır. Belə ki, zərərçəkmiş şəxs izahatı alınan zaman aradakı dəmir torun bərpa olunmasını tələb edir ki, bu da qeyd olunan icra vərəqəsi üzrə müəyyən olunmamışdır. Buradan da görünür ki, Şəxs qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırması işə əlavə olunmuş materialla və izahatlar ilə öz təsdiqini tapmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar