Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-694/2025 18.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, protokol tərtib etmiş Tovuz RPŞ-nin əməkdaşı X2, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1957-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Tovuz rayonu Dondar Quşçu kəndində qeydiyyatda olan Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 332.1, 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 332.1, 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndində nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 332.1, 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə X1 maddi ziyan vurulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsinə eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi barəsində inzibati icraat aparılan şəxsin törətdiyi İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində olan inzibati xəta həmin Məcəlləyə müvafiq olaraq məhkəmənin səlahiyyətinə aiddir. Bundan başqa, məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi Şəxs əməlini tam əhatə edir və onun əməlinin əlavə olaraq İXM-nin 332.1 və 332.2-ci maddəsi ilə tövsifinə ehtiyac yoxdur. Ona görə də İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində qeyd olunan inzibati xəta üzrə məhkəmə tərəfindən hüquqi dəyərləndirmə aparılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X4 izahatında protokolda göstərilənləri təsdiq etmiş və Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 17 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndində Dondar piryezi deyilən yerdə özünə məxsus Kia Ceed markalı, **-DS-*** dövlət qeydiyya nişanlı avtomobili idarə edib Tovuz rayonu Böyük Qışlaq yolu ilə yolun 1 km hisssəsindən keçən yolun sol hissəsində yerləşən plastik pəncərə sexinə gedən zaman Aşağı Quşçu kənd ərazisində həmin sexə çatmamış təxminən 50 metr qalmış sola dönmə siqnalından istifadə etmiş və həmin sexə çataraq sola dönmək istəyəndə arxadan sürətlə gələn "Mercedes Benz 208D mikroavtobus" markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsini düzgün seçmədiyi üçün qarşı hərəkət olağına çıxaraq qabaq sağ tərəfi ilə idarə etdiyi avtomobilin qabaq sol tərəfindən vurub maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Avtomobillərə maddi zərər dəymişdir. Məhkəmə iclasında Şəxs izahatında əməlini etiraf etmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə və alkotestr protokollarından görünür ki, "Mercedes Benz 208D mikroavtobus" markalı, **-LC- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs və Kia Ceed markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü X3 ayıq olmuşlar. Nur Avtoservis MMC-dən verilmiş arayışa əsasən **-DS-*** dövlət qeydiyyat nişanlı KİA Ceed markalı avtomobilin təmir xərci 2095 manat təşkil edir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində təsbit edilmişdir ki, Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 333.2-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmiş və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-694/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-694/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver