Məhkəmə qərarları › İş №3(062)-697/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-697/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-697/2023 14.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Surət Tovuz Rayon Məhkəməsi, hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, zərəçəkmiş şəxsin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cəlal oğlunun iştirakı ilə, xx.xx.1966-cı ildə Tovuz şəhəri Qovlar qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qovlar şəhəri ünvan 1 ünvanda yaşayan Şəxs Cəlal oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Cəlal oğlunun barəsində 14 avqust 2023-cü il tarixində Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Tovuz Rayon İcra və Probasiya Şöbəsi saat 14:30 borcluya dəfələrlə məhkəmə qərarının icrasını təmin etməsi bildirdisə də borcunu ödəməmişdir. Cavabdeh Şəxs Cəlal oğlu İcra sənədi üzrə 5000 manat borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs Cəlal oğlu bildirdi ki, onun hazırda rəsmi iş yeri yoxdur. Maddi imkanının aşağı olması səbəbindən 1000 manat ödəniş edə bilər. Avqust ayının sonunda 500-600 manat ödəyəcəkdir. Məsuliyyətini dərk edir və qalan borcunun hamısını da dekabr ayınadək ödəyib bitircəkdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxsin nümayəndəsi X3 hazırki işlə bağlı borcludan 1000(min) manat məbləğində pulu qəbul edərək izahatında göstərdi ki, o onun həbs edilməsinin tərəfdarı deyildir. Anasının 80-a yaxın yaşı vardır. Qətnamənin icrası zamanı anasının yaşı da nəzərə də alınmalıdır. Buna baxmayaraq o qalan borcun 2024-cü ilin fevral ayınadək ödənilməsinə etiraz etmir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs Cəlal oğlunun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan sənədlərdən görünür ki, Tovuz Rayon Məhkəməsini 2(062)813/2018 saylı xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Şəxs Cəlal oğlunun X1 5000 manat borcu qalmış, məhkəmə iclasında həmin borcdan 1000 manat ödəniş etmişdir. Tərəflərin rəftarından da göründüyü kimi borclunun icrsa sənədini icra etməməsi üzürsüz səbəblərdən baş verməmişdir. Tələbkarın nümayəndəsi borcun növbəti ilin fevral ayınadək ödənilməsinə etiraz etmir. Belə olduğu halda borclunu İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmək Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərinə zidd olmuş olardı. Məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Şəxs Cəlal oğlunun səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Qeyd olunanlara əsasən və İXM-nin 53.0.2, 105, 114.2.1, 115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs Cəlal oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Şəxs Cəlal oğlunun əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar