Məhkəmə qərarları › İş №3(062)-697/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-697/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-697/2025 18.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, xx.xx.1987-ci ildə Tovuz rayonu, Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Tovuz rayonu, Xatınlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2038 saylı icra sənədi üzrə yaranmış 890 manat məbləğdə borcu ödəməkdən boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 protokolu müdafiə edərək göstərdi ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2038 saylı icra sənədi əsasında bir nəfər uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 0,5 misli miqdarında alimentin, həmçinin uşaq üç yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin alınıb tələbkar X2 verilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Həmin bildiriş borclu tərəfindən rəsmi qaydada əldə edilmişdir. Hazırda borclunun 890 manat borcu vardır. Borclu qətnamənin icrasından boyun qaçırır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, icra sənədinin icrasından yayınmaq niyyəti yoxdur. İcra sənədi barədə yeni məlumatlı olmuş, borcunu hissə-hissə qısa müddət ərzində ödəmək niyyətindədir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qətnamənin icrası kimi borcunu ödəmir. Odur ki, Şəxs barəsində qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2038 saylı icra sənədindən görünür ki, borclu Şəxs bir nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 0,5 misli miqdarında alimentin, həmçinin uşaq üç yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin alınıb tələbkar X2 verilməsi qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2038 saylı icra sənədi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası barədə” bildiriş və icra sənədi üzrə icraata başlama haqqında qərarın surəti borcluya hansı tarixdə təqdim edilməsi barədə iş materiallarına sənəd əlavə edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun ifadə etdiyi mənadan belə nəticəyə gəlmək olur ki, göstərilən norma üzrə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş üzrə isə məhkəmə göstərir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs qətnamənin icrasından qərəzli şəkildə yayınması halı yoxdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2038 saylı icra sənədinin icrası ilə bağlı xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə tələbin könüllü icrası barədə borcluya bildiriş ünvanlanmışdır. İcraata başlamaq haqqında qərarın qəbul edilməsindən 20 gün sonra isə borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, icraata başlamaq haqqında qərarın qəbul edilməsindən qısa müddət sonra borclu şəxsin məhkəmə qərararını icra etməməsi ilə bağlı protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən qətnamənin icra olunması ilə bağlı bütün zəruri hərəkətlərin edilməsi iş materialları ilə müəyyən edilmir. Həmçinin bu müddət ərzində borclunun icra sənədinin icrasından qərəzli şəkildə yayınması qənaətinə gəlinməsi obyektiv görünmür. Digər tərəfdən borclu öz izahatında da bildirir ki, borcun ödənilməsindən boyun qaçırmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adıçəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75- 82-ci maddələrində əks olunan mövqeyə, yəni qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs qətnamənin icrasından qərəzli olaraq yayınmasını müəyyən etmək mümkün deyildir. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar