Məhkəmə qərarları › İş №3(062)-699/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-699/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-699/2025 18.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi X3 Zərərçəkmiş şəxs X1, onun müdafiəçisi X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx.xx.2004-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əlilliyi olmayan, işsiz, əvvəllər inzibati xətaya məruz qalmamış, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, İmişli rayonu Cavadxanlı kəndində qeydiyyatda olan və Tovuz şəhəri H.Əliyev prospektində yaşayan, Şəxs- Haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Tovuz Rayon PŞ-dən daxil olmuş inzibati xətta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Tovuz şəhəri Həzi Aslanov küçəsində X4 ilə yaranmış münaqişə zəminində qəsdən onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Faktla bağlı 18 sentyabr 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edərək göstərdi ki, hadisəyə qədər Tovuz şəhəri Semzavod qəsəbəsində kirayədə yaşamışdır. Özü əvvəllər tək yaşasa da 07 iyul 2025-ci il tarixdə rəfiqəsi Tamilə Əmiraslanova onun yaşadığı evə qonaq gəlmişdir. O, 09 iyul 2025-ci il tarixdə rəfiqəsinə kirayədə ödəniş etdiyi müddətdən artıq müddətə qaldığını bildirərək saat 20:30 radələrində həmin evdən əşyalarını götürmək üçün getmişdir. Bu zaman ev sahibi Gülnarə də orada olmuşdur. Gülnarə ona əşyalarının bir qismini götürməyinə icazə verməmişdir. O bunun səbəbini soruşduqda Gülnarə evdə 2 gün qaldığı üçün ödəniş etməli olduğunu demişdir. Bundan sonra ev sahibindən əşylarını verməsini istədikdə ev sahibi ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Buna görə də onlar əlavə mübahisə olmaması üçün oradan uzaqlaşmışdır. Həmin vaxt Tamilənin yanında az yaşlı qızı olmuşdur. Onlar birlikdə Tovuz şəhəri Həzi Aslanov küçəsində yerləşən gözəllik salonuna öz əşyalarını qoymaq üçün getmişdir. Bu zaman Gülnarə və Sevincin gözəllik salonunun qarşısında gözlədiyini görmüşlər. Bu zaman Sevinc Tamilənin balaca qızını vurmuşdur. O da əsəbləşərək Sevincin saçından tutaraq onu yerə çəkmişdir və aralarında mübahisə olmuş, qarşılıqlı dalaşaraq bir-birlərini vurmuşlar. Hazırda zərərçəkmiş şəxslə barışmamışdır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəmə iclasında göstərdi ki, anasının Tovuz şəhəri Semzavod qəsəbəsində evi var. Anası həmin evi 4 aydır ki, Şəxs kirayəyə vermişdir. Yaqut isə həmin evdə Məhəmməd adlı oğlanla yaşayırdı. 06 iyul 2025-ci il tarixdə növbəti ayın kirayə haqqının vaxtı tamam olmuşdur. Yaqut pulu olmadığı üçün verə bilmədiyini demişdir. Həmin vaxt onunla bir qızın qalmasına anası icazə vermişdir. 09 iyul 2025ci il tarixdə saat təxminən 20 radələrində anası Gülnar həmin evə getdikdə evin qarşısında taksi dayandığını görmüşdür. Anası taksi sürücüsündən orada nə üçün dayandığını soruşduqda sürücü anasına həmin evdə qalan qızların köçmək istəməsini demişdir. Anası həmin qızlara kirayə haqqını vermədən getdiklərini demişdir. Buna görə də anası həmin qızların 1 ədəd kiçik idman çantasını götürmüşdür. Bunun səbəbi isə kirayə haqqını almaq olmuşdur. Bundan sonra Tamilə anasına qarşı nalayiq ifadələr işlədərək 1 dəfə sillə ilə vuraraq oradan getmişdir. Bundan sonra anası onu yığaraq həmin yerə çağırmışdır. O həmin evə çatdıqda həmin qızla birlikdə yaşayan Məmməd adlı oğlan orada olmuşdur. O anası ilə söhbət etmişdir. Anası ona Tamilənin özünü vurduğunu demişdir. O da buna əsəbləşmişdir. Buna görə də anasına həmin qızlardan şikayət edəcəyini demişdir. Avtomobil ilə Tovuz RPŞ-yə getdikdə yolda həmin oğlan ona zəng edərək anasından üzr istəyəcəklərini deyib və geriyə çağırmışdır. O da geri qayıtmışdır. Geri qayıtdıqda Tovuz şəhəri Həzi Aslanov küçəsində yerləşən Bravo marketin qarşısında həmin şəxsləri görmüşdür. O həmin şəxslərin yanında avtomobilini saxlamışdır. Bu zaman Məmməd adlı oğlan ona Tamiləni göstərərək bu qızın anasına məxsus evdə qaldığını demişdir. Tamilə ilə söhbət edən zaman onun sərxoş olmasını hiss etmişdir. Bu zaman Tamilə ona uşağının qorxduğunu demişdir. O Tamilə ilə söhbət edən zaman Yaqut arxadan yaxınlaşaraq küçədə olan insanların qarşısında sillə ilə onu vurmuşdur. O özünü qorumağa çalışarkən həmin vaxt Yaqut onun saçından tutub baş nahiyəsinə zərbələr endirmişdir. Bu zaman Tamilə təpiklə onun sinəsinə vurmuşdur. Bu zaman o da özün qorumaq məqsədilə Yaqutun saçından tutub dartaraq dalaşmışlar. Hazırda Şəxs ilə barışmır, ondan şikayətçidir və qanuni tənbeh olunmasını məhkəmədən xahiş edir. İşə əlavə edilmiş 19 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Tovuz Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 6 (062)-17/2025 saylı qərarından görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə qəbul edilmiş 19 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qanuni hesab edilmişdir. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli 6 (104)-43/2025 saylı qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 6 (062)-17/2025 saylı qərarından X5 və vəkili tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İşə əlavə edilmiş 10 iyul 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X10 576 saylı rəyindən görünür ki, X1 bədən səthində müəyyən edilmiş xəsarətlər alın nahiyəsinin sıyrıqlı qançır şişkinliyi; sol bazu və sol said nahiyələrinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş arayışdan görünür ki, Şəxs son bir ildə inzibati məsuliyyətə cəlb edilməmişdir. İşə əlavə olunmuş elektron-məhkəmə informasiya sistemindən sorğu nəticəsində əldə olunmuş Şəxs qohumluq əlaqələrindən görünür ki, onun 22 iyul 2022-ci il təvəllüdlü Dəniz adında uşağı vardır. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, protokolu tərtib etmiş şəxsin, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifəlri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşağının olmasını yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq onun inzibati qaydada cərimə olunmasını məqsədə müvafiq hesab edir. İnzibati xəta haqda iş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar