Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-703/2023 30.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə Şəxs (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən toplanılmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC barədə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, həmin MMC 03.07..2023-cü il tarixli İD********** nömrəli və xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciətlərlə idxal olunmuş qida məhsulları partiyalarına qida təhlükəsizliyi sertifikatı alınmamış və Bakı RB-də qəbul olunmuş xx.xx.2023-cü il tarixli 293/FN nömrəli və xx.xx.2023-cü il tarixli 303/FN nömrəli qərarlar icra olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü və 544.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 14.07. 2023-cü il tarixli, 293/FN nömrəli Qərarı ilə,
1. Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında X1 idxal olunan 22547 kq limon məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmişdir.
2. Həmin məhsul partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilsin.
3. Bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakı ilə 10(on)gün ərzində məhv edilsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 21 iyul 2023-cü il tarixli, 303/FN nömrəli Qərarı ilə,
1. Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli İD********** nömrəli, xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında X1 idxal olunan 68070 kq limon məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmişdir.
2. Həmin məhsul partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10(on)gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasdı təmin edilsin.
3. Bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakı ilə 10(on)gün ərzində məhv edilsin. Məhkəmə qeyd edir ki, qəbul edilmiş qərarların məzmunundan göründüyü kimi Şəxs MMC barədə idxal olunan limon məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokoldan isə görünür ki, Şəxs MMC barədə İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, qida məhsul partiyalarına qida sertifikatı alınmamışdır. Halbu ki, İXM-nin 447.0.4-cü maddəsində sertifikatın alınmamasına görə deyil, məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət nəzərdə tutulur. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, göründüyü kimi məhsulun istehsalçısı və satıcısı X2 məxsus şirkətdir. İşdə qida təhlükəsizliyi sertifikatının verilməsi üçün elektron ərizə verildikdən və sertifikatın verilməsindən imtina edildikdən sonra Şəxs MMC-nin həmin məhsulların satışı, bununla bağlı xidmətlərin göstərilməsi ilə bağlı sübutlar mövcud deyildir. Əksinə həmin qərarların gömrük ərazisindən kənara çıxarılması qərara alınmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İXMnin 447.0.4-cü maddəsinin tərkibi mövcud deyildir. Məhkəmə İXM-nin 544.2-ci maddəsi ilə bağlı onu qeyd edir ki, Şəxs MMC barədə İXM-nin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 14.07. 2023-cü il tarixli, 293/FN nömrəli və 21 iyul 2023-cü il tarixli, 303/FN nömrəli Qərarlarının icra olunmamasına görə tərtib edilmişdir. Şəxs o halda İXM-nin 544.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilər ki, o istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməsin. İş materiallarından, o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin rəisinin qəbul etdiyi qərarlardan göründüyü kimi həmin qərarların 2-ci bəndi icra edilmədiyi təqdirdə inzibati məsuliyyət yaranır. Yəni, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarların hər hansı formada icra edilməməsi gərəkdir. Qərarın 2-ci bəndinə nəzər salınmasını məhkəmə zəruri hesab edir. Qərarın 2-ci bəndi: Həmin məhsul partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10(on)gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilsin. Məhkəmə Qərarın 2-ci bəndi ilə bağlı hüquqi dəyərləndirilmə aparılmasını zəruri hesab edir.Belə ki, şəxsin qərarın birinci bəndinin birinci hissəsi icra edilmədiyi təqdirdə, yəni məhsul partiyasının qərarın hüquqi qüvvəyə mindiyi gündən 10(on)gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilmədiyi təqdirdə, üçüncü hissəsinin aktuallığı ortaya çıxmış olur. Yəni, sirayətlənmiş məhsul regional bölmələrinin müfəttişlərinin nəzarəti altında məhv edilir. Göründüyü kimi Qərarın həmin hissəsi regional bölmələrinin müfəttişlərinin nəzarəti altında mümkündür. İş materiallarında isə regional bölmələrinin müfəttişlərinin nəzarəti altında qərarın qeyd edilən hissəsinin icra edilməməsinə dair sübutlar iş materiallarına əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, ŞəxsMMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq,
Q ə r a r a a l d ı: Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zaur Hünmətov