Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-706/2025 08.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məsimov Fərid Eldar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nümayəndə, Barəsində inzibati xəta haqda icraat aparılan şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları yanında Suların İstifadəsinə və X3 Xidməti 9 saylı Qazax-Tovuz regional bölməsi tərəfindən toplanılmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şəxs barəsində inzibati xəta haqda protokol ona görə tərtib edilmişdir ki, o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nümayəndə inzibati xəta haqda protokolda qeyd edilənləri müdafiə edərək, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqda icraat aparılan şəxs Şəxs nümayəndəsi X2 izahatında göstərdi ki, Şəxs tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Buna baxmayaraq onun barədə əsassız olaraq inzibati xəta haqda protokol tərtib edilmişdir.Odur ki, onun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını proses iştirakçılarının izahatları ilə qarşılıqlı şəkildə araşdırıb, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqda protokolun məzmunundan göründüyü kimi ona görə protokol tərtib edilmişdir ki, Şəxs tərəfindən Tovuz rayonunun Abulbəyli kəndində Tovuz çayının sol sahilində mövcud olan obyektin çayın sahilinə tərəf artırılmış hissəsi aşkar olunmuş və mühafizə zonaları sahil mühafizə zolaqları ilə bağlı Su Məcəlləsinin tələbləri pozulmuşdur. Göründüyü kimi inzibati xəta haqqında protokolda Su Məcəlləsinin konkret olaraq hansı tələblərinin pozulması öz əksini tapmasa da, işin hallarından və materiala əlavə edilmiş 001801 saylı aktdan görünür ki, Şəxs ona məxsus torpaq sahəsindən kənara çıxaraq Tovuzçay çayının sahil mühafizə zolağına və su mühafizə zonasına məhəl qoymadan təxminən suyun sahilinə tərəf 15-20 metr məsafədə müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan qanunvericiliyə zidd olaraq qanunsuz tikinti aparmışdır.Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 24 mart tarixli, 56 saylı qərarının 7,8,22,23-cü hissdələrinin, Su Məcəlləsinin 103-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə qeyd edir ki, Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsinə dair Qaydaların 3-cü bəndində göstərilmişdir ki, su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir. Hazırki işdə isə təbiətdən istifadəyə əlavə məhdudiyyətlər Azərbaycan Dövlət Su Ehtiyatları yanında Suların İstifadəsinə və X3 Xidməti tərəfindən tətbiq edilməmişdir. Həmin Qaydaların 17-ci bəndinə əsasən su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının sərhədləri su mühafizə zonalarının layihələrində dəqiqləşdirilir. İnzibati orqan tərəfindən məhkəməyə belə layihə təqdim edilməmiş, inzibati xəta haqqında protokol da həmin layihə əsasında tərtib edilməmişdir. Həmin Qaydaların 18-ci bəndinə əsasən su obyektlərinin su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının layihələşdirilməsi üzrə sifarişçi funksiyaları, bu layihələrin müəyyən olunmuş qaydada təsdiq edilməsi, habelə su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının sərhədlərinin yerlərdə müvafiq su qoruyucu nişanlarla müəyyənləşdirilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 19-21-ci bəndlərinə əsasən su mühafizə zonalarının layihələşdirilməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təsdiq edilmiş normativmetodik sənədlərə əsasən həyata keçirilir. Su mühafizə zonalarının layihələri tərtib və təsdiq edilənədək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının minimal ölçülərini müəyyən edir, onlar şəhərlərin və digər yaşayış yerlərinin baş planlarına köçürülür. Su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının sərhədlərinin müəyyən edilməsi və onların hüdudlarında istifadə rejiminin təyin edilməsi barədə əhali müəyyən olunmuş qaydada məlumatlandırılır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının minimal ölçülərini müəyyən etməsi, onları şəhərlərin və digər yaşayış yerlərinin baş planlarına köçürülməsini təsdiq edən sənəd məhkəməyə təqdim etməmişdir. Eyni zamanda su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının sərhədlərinin müəyyən edilməsi və onların hüdudlarında istifadə rejiminin təyin edilməsi barədə əhalini, o cümlədən tikinti aparan vəzifəli şəxsi müəyyən olunmuş qaydada məlumatlandırmasına dair sübutlar da təqdim edilməmişdir. Bütün bunlar müəyyən edilmədən vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələrinə də ziddir. Belə ki, İXM-in Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-706/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-706/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver