Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-710/2025 23.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Məsimov Fərid Eldar oğlunun katibliyi Protokol tərtib etmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X1 iştirakları ilə xx.xx.1991-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(062)-64/2025 saylı icra sənədini icra etməkdən boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 16(062)-64/2025 saylı icra sənədinə əsasən, tərəflərin birgə yaşayışlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş Leyla adlı uşaqları ilə X3 hər həftənin şənbə günləri saat 10:00-dan 15:00-dək ünsiyyət hüququ verilmiş və ünsiyyətinə Şəxs tərəfindən edilən maneələrin qadağan edilməsi qərara alınmışdır. İcra sənədi üzrə qanuna müvafiq olaraq xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış və zəruri icra tədbirləri həyata keçirilmişdir. Lakin borclu Şəxs tərəfindən icra sənədi üzrə üzərinə qoyulmuş vəzifəni icra etməyərək uşağın anası X6 ilə görüşərək ünsiyyətdə olmasına maneə yaratmışdır. Bununla da Şəxs icra sənədini icra etməkdən boyun qaçırmış və üzrsüz olaraq qərardadın icrasından yayınmışdır. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, icra sənədinin icrasından boyun qaçırmır. Qeyd olunan icra sənədi üzrə o, 04 aprel 2018-ci ildə anadan olmuş Leyla adlı uşaq ilə anası X5 ilə görüşərək ünsiyyətdə olmasına şərait yaratsa da uşaq anasına getməmişdir. O, icra sənədinin icrasına heç bir maneçilik yaratmamışdır. Nuranənin uşağı aparıb gətirməməsindən ehtiyat edir. Buna baxmayaraq o bir şərtlə uşağı anasına verə bilər ki, anası uşağına yaxşı baxacaqdır. Odur ki, barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından boyun qaçırır. Belə ki, borclu Şəxs uşaqla görüşdükdən sonra uşağı götürmüş və ona geri qaytarmamışdır. Onun uşağı ilə görüşüb ünsiyyətdə olması ilə bağlı məhkəmə qərar vermiş, lakin borclu icra sənədinin icrasına maneçilik törədərək, uşaqla görüşməyə şərait yaratmamışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində həbslə bağlı qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə qeyd edir ki, göründüyü kimi qanuni əsaslarla uşağın anaya verilməsi işin mübahisəsiz halıdır. Mediasiya sazişinin və həmin sazişin təsdiq edilərək məcburi icraya yönəldilməsinə dair məhkəmə qətnaməsində müəyyən edilmiş şərtlərə ata tərəfindən riayət edilməməsi nəticəsində ana himayəsindən qeyri-qanuni şəkildə ayrılmış uşağı ilə ünsiyyət hüququnun müəyyən edilməsinə ata tərəfindən yaradılmış maneənin aradan qaldırılması ilə bağlı tələblə yenidən məhkəməyə müraciət etrmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı zamanı o da müəyyən edilmişdir ki, Şəxs uşaq tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Şəxs məqsədyönlü şəkildə uşağı anasından alıb, himayəsində saxlamağa məcbur etməklə məhkəməyə verdiyi iddianın təmin edilməsi üçün özü-özlüyündə hüqquqi əsaslar axtarır və bununla da uşağa təsir edərək, gələcəkdə uşağın fikirlərinin nəzərə alınması üçün zəmin yaratmış olur. Mediasiya sazişinin şərtlərinə riayət edərək uşağı atasına verən ana dəfələrlə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmaqla, ana və uşaq arasında bağlılıq da həddən artıq sarsılmaqla nəticələnə bilər. Məhz elə bu səbəbdən də İXM-nin 528-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə məsuliyyət müəyyən etməklə, həm də icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə də məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, icra sənədini icras etməyən ata uşağı anasına qaytarmaması və uşaqla ünsiyyət hüququnun təmin etməməsinə dair 3 dəlil irəli sürmüşdür:
1. Uşağın anasına getməməsi
2. Gələcəkdə uşağa ana tərəfindən yaxşı baxılmaması
3. Nuranə tərəfindən uşağın aparılaraq geri qaytarılmaması. Məhkəmə birinci dəlili əsassız hesab edir. Belə ki, əvvəla uzun müddət uşaq anasının himayəsində olmuş və sazişlə də ananın himayəsində saxlanılmışdır. Əgər uşağın anaya getməmək kimi fikri və istəkləri olsa idi o zaman mediasiya prosesində uşağın anaya verilməsi ilə bağlı saziş bağlanmazdı. Digər tərəfdən 22 sentyabr 2025-ci ildə baxılan mülki iş üzrə uşaq fikri dinlənilmək üçün məhkəmə zalına dəvət edilərkən zala girən kimi anası tərəfə getmiş və anasına sarılmışdır.Həmin məhkəmə iclasının görüntüləri iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilərək sübut kimi qəbul edilmişdir. Belə olduğu halda uşağın anasına getmək istəməməsi kimi dəliilər atanın uşağı anasına verməmək niyyətindən irəli gəlir və hər vəchlə icra sənədinin icrasına mane olmaqdan başqa bir şey deyildir.Atanın irəli sürdüyü bu dəlillər üzürlü hesab edilə bilməz. Onun irəli sürdüyü dəlillər o halda üzürlü qəbul edilə bilər ki, uşağın anadan alınaraq ataya verilməsinə dair barışıq sazişi və yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. Hazırda isə belə hallar mövcud deyildir. Əksinə uşaq ananın himayəsində qalmaqla onun ananın himayəsindən alınması qanunsuzdur. Yəni, uşaq ananın iradəsinə zidd şəkildə atanın himayəsinə keçmişdir. Ata uşaqla ünsiyyət adı altında uşağı anadan alaraq özündə saxlamışdır. Məhkəmə ikinci dəlillə, gələcəkdə uşağa ana tərəfindən yaxşı baxılmayacağı ilə dəlillə bağlı onu qeyd edir ki, əgər belə hallar mövcud olsa idi ananın uşağın himayəsində saxlanılması ilə bağlı saziş imzalanmazdı. Bundan başqa da gələcəkdə uşaqların maraqlarına zidd hallar müəyyən edilərsə atanın bununla bağlı məhkəməyə mütraciət etmək hüququnun olması istisna edilmir. Uşağın valideynlərindən kimin yanında olmasından asılı olmayaraq hər bir valideynin uşağın tərbiyyəsində, onun təhsil və səhiyyə xərclərində iştirak etmək hüquqları vardır. Uşağın faktiki olaraq ananın yanında olduğu halda belə uşağın tərbiyəsi və səhhəti ilə bağlı atanın mütəmadi olaraq maraqlanmaq imkanları vardır. Məhkəmə üçüncü dəlillə, yəni Nuranə tərəfindən uşağın aparılaraq geri qaytarılmaması ilə bağlı onu qeyd edir ki, Nuranə tərəfindən uşaq qaytarılmasa da belə bu qanuni olacaqdır. Belə ki, uşaq Nuranənin himayəsində saxlanılmış, mediasiya sazişi ilə atanın uşaqlarla sadəcə ünsiyyət hüququnun olması şərtləşdirilmişdir. Göründüyü kimi Şəxs ona verilmiş hüquqlardan sui istifadə edərək məhkəmə qətnaməsini öz iradəsinə və öz maraqlarına uyğun vaxtda icra etmək niyyətindədir ki, bu da uşaqla ana arasında bağlılığın soyumasına, ananın himayəsində saxlanılmış uşağın uzun müddət anadan ayrı qalmasına gətirib çıxara bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxsin davranışlarının davamlı omasının qarşısını isə onun barəsində tətbiq ediləcək sərt tədbirlər ala bilər. Bu həm də ədalət mühakiməsinin maraqlarına uyğun olmaqla məhkəmə qərarlarının istər indi, istərsə də gələcəkdə icrasına maneəsiz şərait yaratmış olacaqdır. Ona görə də məhkəmə hesab edir ki, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmaqla inzibati tənbeh kimi həbs tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qeyd edilən Qanunun 3.2-ci maddəsinə əsasən məkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, inzibati həbsin təyin edilməsi inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə və işin digər hallarına uyğundur. Həmin tənbeh növü Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarına görə Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəmə baxışına hüquq xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qaşı” xx.xx.2002-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma Konvensiyasnın 6-cı maddəsində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli 23 sentyabr 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov