Məhkəmə qərarları › İş №3(062)-715/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-715/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-715/2023 18.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1959-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 31 iyul 2023-ci il tarixli icra vərəqəsinə əsasən X1 icarə hüququ ilə məxsus olan və Tovuz rayonu Abulbəyli bələdiyyəsinin mülkiyyətində olan 6,1308 ha torpaq sahəsində Şəxs tərəfindən əkin işlərinin aparılması, mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənədək qadağan olunması barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 31 iyul 2023-ci il tarixli icra vərəqəsinə əsasən X1 icarə hüququ ilə məxsus olan və Tovuz rayonu Abulbəyli bələdiyyəsinin mülkiyyətində olan 6,1308 ha torpaq sahəsində Şəxs tərəfindən əkin işlərinin aparılması mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənədək qadağan olunmuşdur. Torpaq sahəsi ölçülərək sahəni bildirən nişanlar basdırılmışdır. Həmin torpaq sahəsinə Şəxs yenə də əsassız olaraq müdaxilələr etməkdə davam edir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin qərarına hörmətlə yanaşır. Torpaq sahəsi ölçüldükdən sonra nə ölçülmüş torpaq sahəsinə girməmiş nə də orada əkin işləri aparmamışdır. Əvvəllər torpaq sahəsi onun icarəsində olmuş və bununla bağlı ona hüquqmüəyyən edici sənədlər də verilmişdir. Məhkəmənin həmin qərarı onlara məlum olana qədər orada əkin işləri aparmışlar. Bu barədə o və ailə üzvləri onlarla mübahisə edən Firdovsi Muradova da bildirmişlər. O icra vərəqəsinin icrasından boyun qaçırmamış və həmin sahədə əkin işləri aparmamışdır. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs həmin ərazidə əkin işləri aparmaq niyyətində deyil. Onun ifadəsi ilə müəyyən olunur ki, o əkin işlərini məhkəmənin icra vərəqəsi mövcud olana qədər dövrdə aparmışdır. Həmin yerdə isə əkin işlərinin aparılması və bununla da məhkəmənin icra vərəqəsinin icrasından boyun qaçırması halı müəyyən olunmur. Belə ki, materiala əlavə olunmuş sənədlərlə həmin ərazidə Şəxs tərəfindən əkin işlərinin aparılması müəyyən olunmur. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar