Məhkəmə qərarları › İş №3(062)-717/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-717/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-717/2024 29.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs MMC 84000 ABŞ dolları məbləğdə vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, həmin məbləğin 47900 ABŞ dolları hissəsi hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına və barəsində inzibati xəta haqda protokol tərtib edilmiş Şəxs MMC-yə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Cəmiyyətin nümayəndəsi məhkəməyə ərizə ünvanlayıb işin təxirə alınmasını xahiş etsə də, məhkəmə ərizəyə əsaslı sübut əlavə edilmədiyi üçün ərizənin təmin edilməsini əsassız hesab etmişdir. Odur ki, məhkəmə onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş protokolu iş materialları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, Şəxs MMC qeyd olunan maddə üzrə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 22.2-ci maddəsində təsbit edilmişdir ki, hüquqi şəxslər barəsində xəbərdarlıq, inzibati cərimə və inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC 84000 ABŞ dolları məbləğdə vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, həmin məbləğin 47900 ABŞ dolları hissəsi hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Göründüyü kimi, Şəxs MMC xaricə köçürdüyü pulun məbləği 84000 ABŞ dolları olmuş, və 2 (iki) il müddət keçsə də, həmin məbləğin 47900 ABŞ dolları hissəsi hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. (İnzibati Xətalar Məcəlləsinin 31.1 və 31.3-cü maddələri). Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 47900 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 9580 ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar