Məhkəmə qərarları › İş №3(062)-718/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-718/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-718/2023 18.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib olunmuş protokol üzrə inzibati materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC 108000.00 ABŞ dolları məbləğində vəsaiti 26 iyul 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 52320.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmət) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 27 iyul 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. "xxxx" MMC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələri heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməli Azərbaycan Respublikası İXM-nın 430.4-cü maddəsi ilə düzgün tovsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nın 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filialı və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin məcəllənin 18.5 -ci masddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC tərəfindən ölkə xaricinə 1008000.00 ABŞ dolları məbləğində vəsait 26 iyul 2021-ci ildə köçürülmüş, lakin 2 il müddət keçməsinə baxmayaraq, həmin vəsait 52320 ABŞ dolları vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Barəsində iş üzrə icraat aparılan hüquqi şəxsin hüquqi ünvanına məhkəmə bildirişi göndərilmiş, buna baxmayaraq həmin hüquqi şəxs vəsait hesabına alınan malları(xidməti) ölkəyə idxal etməsinə və ya valyuta vəsaitini geri qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC-yə inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, "xxxx" MMC--nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkibi vardır və o həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 117 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş 52320 ABŞ dollari vəsaitin 20%-i miqdarında, yəni 10464 (on min dörd yüz dörd) ABŞ məbləğində cərimə edilsin. Cərimə ödəniş gününə olan manata məzənnə nisbəti ilə hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar