Məhkəmə qərarları › İş №3(062)-734/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-734/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-734/2023 18.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi, X1, 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 14 avqust 2023-cü il tarixli MN № ******* saylı qərarından X7 tərəfindən verilmiş şikayətə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş 14 avqust 2023-cü il tarixli MN № ******* saylı qərar qəbul edilməklə Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsinə əsasən 300 (üç yüz) manat miqarında cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 14 avqust 2023-cü il tarixli MN № 1389962saylı inzibati xəta haqqında haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, 01 avqust 2023-cü il tarixdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona məxsus ağac emalı sexinə gələrək müvafiq sənədləri istəmişlər. O, bütün sənədləri təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, ona heç bir söz demədən həmin tarixdə ******* saylı protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə 14 avqust 2023-cü il tarixdə guya onun iştirakı ilə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsiniin rəis əvəzi X11 14 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki həmin qərarı o sonradan həmin idarəyə gedib tələb edəndən sonra ona təqdim edilmişdir. Həmin qərar qəbul edilən zaman o, Tovuz şəhəri RŞ.Məmmədov küçəsi 1 unvanında olmuşdur. Onun bütün sənədlərinin qaydasında olmasına baxmayaraq 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X9 14 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Ona görə də qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X7 şikayətini müdafiə edərək göstərdi ki, protokol onun iştirakı ilə tərtib edilməmiş, 14 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Məhkəmə iclasında iştirak edən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 bildirdi ki, idarənin əməkdaşları tərəfindən reyd keçirilərkən məlum olmuşdur ki, X7 özünə məxsus ağac emalı qurğusunun iş fəaliyyətinə dair ekoloji ekspertizanın müsbət rəyi olmadan fəaliyyət göstərmiş və nəticədə İXM-nin 275.1.1-ci maddəsi üzrə fiziki şəxs qismində 300 manat cərimə olunmuşdur. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə şikayət verən şəxsin şikayətin dəlillərini və inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Həmin Məcəllənin 100.1.7-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları» göstərilməlidir. Eyni Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən X4 protokola əsasən işin baxılmasının vaxtı və yeri barədə məlumatın verilməsini təsdiq edən sübutlar tyəqdim edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi işə baxılmasının yeri və müddətini X4 vaxtında bildirilməsini təmin etməmişdir. Bu da, barəsində protokol tərtib edilən şəxsin haqlı narazılığına səbəb olmuşdur. Beləliklə də, X5 çağırmadan, onun iştirakını təmin etmədən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırmadan 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati tənbeh vermə haqda qərar qəbul etmişdir. İşin faktiki hallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Azərbaycan Respublikası İXM-nin tələblərini pozmuş, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığına (icraat başlandığına) dair məlumat verilməmiş, onun icraatda iştirakı təmin olunmamış, hüquqları və vəzifələri izah edilməmiş, bu səbəbdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 61ci maddəsində və s. əlaqəli müddəalarında nəzərdə tutulan hüquqları pozulmuşdur. Bu isə öz növbəsində İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X11 tərəfindən X3 Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat miqdarında cərimə edilməsinə dair 14 avqust 2023-cü il tarixdə qəbul edilmiş MN ******* nömrəli qərar ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X11 tərəfindən X3 Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat miqdarında cərimə edilməsinə dair 14 avqust 2023-cü il tarixdə qəbul edilmiş MN ******* nömrəli qərar ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar