Məhkəmə qərarları › İş №3(062)-737/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-737/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-737/2025 13.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məsimov Fərid Eldar oğlunun katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.2-ci maddələri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Şəxs İXM-nin 452.1 və 452.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X5 müfəttişi X2 tərəfindən tərtib edilmiş protokol və iş üzrə digər materiallar aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müəssisənin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X4 müfəttişi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X6 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 08 avqust 2025-ci il tarixi qərardan və ona əlavə edilmiş yoxlama suallarının siyahısından görünür ki, 18 sentyabr 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus aptekdə yoxlamanın aparılması qərara alınmış və aparılan yoxlama nəticəsində həmin aptekdə qanunvericilikdə nəzərdə tutulmuş mallardan başqa digər malların satışı və reseptlə buraxılan dərman vasitələrinin reseptsiz buraxılması müəyyən edilmişdir. İş materiallarında olan Ə-252 nömrəli, 18 sentyabr 2025-ci il tarixli əczaçılıq müəssisələrinin plan üzrə yoxlama aktından görünür ki, Şəxs aptek təşkilatında qanunvericilikdə nəzərdə tutulmuş mallardan başqa digər malların satışı və resept əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, pərakəndə satış üçün nəzərdə tutulan əczaçılıq məhsulları (pambıq, tənzif, bint, sarğı materialları, leykoplastrlar və digər analoji məmulatlar), ətriyyat-kosmetika, xüsusi təyinatlı qida məhsulları, təbii mineral sular, bioloji aktiv qida məhsulları və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə üç yüz əlli manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs MMC adıçəkilən Məcəllənin 452.1 və 452.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İnzibati Xətalar Məcəlləsinin daha ciddi xəta hesab edilən 452.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən həkim resepti əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 49-51, 114-115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 452.2-ci maddəsinin sanksiyası çərçivəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar