Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-75/2025 31.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samir Zöhab oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Tovuz Rayon Polis X5 Bölməsinin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Tovuz rayonu ,Qovlar qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə Tovuz RPŞ-nin Qovlar PB-dən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin Qovlar PB-i tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə 31 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs AR DİN-in 102 Xidmətinə zəng edərək idarə etdiyi yük avtomobilinin Goranboy RPŞ-nin və Zərdab RPŞ-nin PPX-nin polis nəfərləri tərəfindən saxlanılması və 2 manat pulunun alınmasından narazılığını bildirib təhqiredici ifadələr işlətmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Tovuz RPŞ-i Qovlar PB-nin polis sahə rəisi, polis kapitanı X3 protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs AR DİN-in 102 Qaynar Xəttinə zəng edərək, nalayiq ifadələr səsləndirmişdir. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, təxminən 15 gün bundan əvvəl kartof satmaq məqsədi ilə Ağcabədi rayonuna gedirdi. Ağcabədi rayonuna gedən zaman Naftalan yolunda PPX-nin əməkdaşları ona saxla işarəsi verib. Şəxs PPX-nin saxla işarəsinə əsasən idarə etdiyi “Qazel” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb. Maşını saxladıqdan sonra PPX-nin əməkdaşları özünü təqdim etdikdən sonra Şəxs sənədləri tələb etmişlər. Şəxs PPX-nin əməkdaşlarının tələbi ilə sənədləri onlara təqdim etmişdir. Daha sonra PPX-nin əməkdaşı Şəxs idarə etdiyi avtomobilin yükünün çox olması səbəbi ilə maşının ön hissəsinin çox yuxarıda olmasını izah edib. Şəxs maşının detalının təzə dəyişdirilməsi ilə bağlı avtomobilin bu vəziyyətdə olduğunu izah edib. Daha sonra PPXnin əməkdaşı ilə təxminən 1 saat söhbət etdikdən sonra Şəxs Ağcabədi heyvan bazarına yollanıb. Tovuz rayon Qovlar şəhərinə gəldikdə AR DİN-in xidmətinə zəng edərək PPX-nin etdiyi hərəkətin qanunsuz olduğunu deyib və əsəbi halda nalayiq ifadələr səsləndirib. Nevroloji problemlərinin olduğunu, etdiyi əməldən peşman olduğunu və bir daha bu kimi halların yol verməyəcəyinə söz verib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 31 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 24 yanvar 2025-ci il tarixdə AR DİN-in 102 Qaynar Xəttinə zəng edərək nalayiq ifadələr səsləndirmiş və nəticədə ictimai qaydanı pozaraq səs-küy salmışdır. Şəxs iş materiallarında olan yazılı izahatından görünür ki, o, AR DİN-in Qaynar Xəttinə zəng edərək nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsindən görünür ki, xırda xuliqanlıq xətasının tərkibinin mövcud olması ictimai qaydanı pozan hərəkətlərin törədilməsi zəruridir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Həmin qaydaların pozulması nümayişkaranə şəkildə olmalı, yəni subyekt ictimai qaydanı pozmaqla yanaşı bunu cəmiyyətdə və açıq nümayiş etdirməli, əhalinin dincliyi pozulmalıdır. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-75/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-75/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver