Məhkəmə qərarları › İş №3(062)-759/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-759/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-759/2023 30.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-ni sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Tovuz RPŞ-dən daxil olmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Tovuz RPŞ-nin qarşısında küçədə yüksək səslə nalayıq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində dostları Fariz və Aslanla Tovuza rayonuna gələrək, doğum gününü qeyd etmişdir. Dostu Tovuz rayonun Polis şöbəsinin qarşısından gedərkən spirtli içki qəbul etdiyi üçün ucadan danışmışdır. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu nizamintizama dəvət etdikdə onun qanuni tələbinə tabe olmayaraq ucadan nalayiq söyüşlər söyməyə davam etmişdir. Hal-hazırda etdiyi əməldən səmimi peşimandır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-ni sahə rəisi, polis leytenantı X2 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində xidmətdə olarkən adını soradan bildiyi Şəxs sərxoş vəziyyətdə Tovuz rayonun Polis şöbəsinin qarşısında küçədə yüksək səslə nalayıq ifadələr işlətmiş onu nizam-intizama dəvət etdikdə o, onun qanuni tələbinə tabe olmayaraq ucadan nalayiq söyüşlər söyməyə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Tovuz RPŞnin PPXB-nın polis nəfəri vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə saat təxminən 23:00 radələrində polis şöbəsinin qarşısında xidmətdə olarkən 1 nəfər şəxs sərxoş vəziyyətdə nalayıq ifadələr işlədərək səs küy salmışdır. Həmin şəxsə yaxınlaşıb özünü təqdim edən zaman onunla kobud rəfdar edərək nalayıq ifadələr işlətməyə dəvam etmişdir. Post yoldaşı X4 ilə birlikdə vətəndaşı nizam intizama dəvət edən zaman polisin qanuni tələbinə tabə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid İman oğlu və X4 şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Tovuz RPŞ-nin qarşısında küçədə yüksək səslə nalayıq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 23:35-də tutulmuşdur. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə, eyni zamanda polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, şahidlərin izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs etdiyi əməldən səmimi peşimandır və həmin hal onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İş materiallarında onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin həbs tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada həbs tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.3, 114.1.1, 115, 117, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, 29 avqust 2023-cü il tarixdən, saat 23:35-dən hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar