Məhkəmə qərarları › İş №3(062)-772/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-772/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-772/2024 19.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, xx.xx.1988-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əlilliyi olmayan, əvvəllər inzibati xətaya məruz qalmamış, məhkum olunmamış, Tovuz rayonu Əsrik Cırdaxan kəndində qeydiyyatda olan, Şəxs- Barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 07 avqust 2024-cü il tarixdə Tovuz rayonu Əsrik Cırdaxan kəndində yerləşən “Cənnət bulağı” kafesində həmkəndliləri ilə qumar oyununda iştirak etmiş, yəni qumar oynamışdır. Baş vermiş xəta ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Barəsində protokol tərtib edilmiş şəxs Şəxs, həmçinin protokol tərtib etmiş Tovuz RPŞ İTB-nin sahə rəisi polis kapitanı X1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs Tovuz RPŞ-də araşdırma aparılarkən izahatında bildirmişdir ki, 07 avqust 2024-cü ildə o Əsrik Cırdaxan kəndində yerləşən Natiqə məxsus “Cənnət” adlı bulağa getmişdir. Orada oturub yemək yeyib, spirtli içki qəbul etdikdən sonra bulaqda olan zaman tanışları Məhəmməd, Bayram, Natiq, Röyal, Rövşən və Emin ilə razılaşıb əli bir manatdan kartla qumar oyunu oynamağa başlamışlar. Oyun oynayan zaman Natiqə hər dəfə 1 manat çay pulu verirmişlər. Qumar oynayan zaman Tovuz RPŞ-nin əməkdaşları gəlib onları saxlamış və Tovuz RPŞ-yə aparmışlar. Hazırda əməlindən səmimi peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək belə qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs məsuliyyətini yüngüləşdirən halları və törədilmiş inzbati xətanın xarakterini nəzərə alaraq onun inzibati qaydada cərimə olunmasını məqsədə müvafiq hesab edir. Tovuz Rayon Məhkəməsinin 3(062)-769/2024 saylı inzibati iş üzrə qərarı ilə X2 barəsində xüsusi müsadirə tətbiq edilməklə cərimə olunmuşdur. Məhkəmə xüsusi müsadirənin Məhəmməd Məmmədov barəsində tətbiq olunduğunu nəzərə alaraq qumar oynayan şəxsin barəsində xüsusi müsadirənin tətbiqini uyğun hesab etmir. Bu nəticəyə gələrkən məhkəmə qumar oyunu oynayan digər şəxslərin bir yerdə qumar oynadıqlarını nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar