Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-775/2023 03.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* və ******* saylı protokollar tərtib edilərək Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında protokollarda qeyd olunmuşdur ki, Şəxs MMC xx.xx.2023-cü il tarixli İD********** nömrəli, xx.xx.2023-cü il tarixli İD********** nömrəli, xx.xx.2023-cü il tarixli İD********** nömrəli və xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciətlərlə idxal olunmuş qida məhsulları partiyalarına qida təhlükəsizliyi sertifikatı alınmamış və Bakı RB-də qəbul olunmuş xx.xx.2023-cü il tarixli 322/FN, xx.xx.2023-cü il tarixli 323/FN və xx.xx.2023-cü il tarixli 339/FN nömrəli qərarlar icra olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ŞəxsMMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü və 544.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, 323/FN nömrəli Qərarından görünür ki, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında Türkiyə Respublikasından idxal olunan 23400 kq ərik məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmişdir. Həmin məhsul partiyasının müvafiq üsullarla zərərsizləşdirilməsi və ya birbaşa (emala verilə bilər) istifadə təyinatının dəyişdirilməsi, bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə həmin məhsul partiyasının qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi və yaxud gömrük ərazisinin hüdudlarından çıxarılma tədbiri həyata keçirilmədikdə 10 gün ərzində məhv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, 339/FN nömrəli Qərarından görünür ki, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında X1 idxal olunan 4316 kq qreyfurd, 6720 kq portağal və 11600 kq limon məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmişdir. Həmin məhsul partiyasının qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə 10 (on) gün ərzində məhv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, 322/FN nömrəli Qərarından görünür ki, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli İD********** nömrəli və xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciətləri əsasında X1 idxal olunan 34439 kq limon və 12563 kq portağal məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmişdir. Həmin məhsul partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakı ilə 10 (on) gün ərzində məhv edilməsi qərara alınmışdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qəbul edilmiş qərarların məzmunundan göründüyü kimi Şəxs MMC barəsində idxal olunan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokollardan isə görünür ki, Şəxs MMC barədə İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, qida məhsul partiyalarına qida təhlükəsizliyi sertifikatı alınmamışdır. Hansı ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin tələbinə əsasən sertifikatın alınmamasına görə deyil, məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət nəzərdə tutulur. Bundan başqa məhsulların istehsalçısı və satıcısı X2 və Türkiyə Respublikasına məxsus şirkətdir. İş materiallarında isə qida təhlükəsizliyi sertifikatının verilməsi üçün elektron ərizə verildikdən və sertifikatın verilməsindən imtina edildikdən sonra Şəxs MMCnin həmin məhsulların satışı, bununla bağlı xidmətlərin göstərilməsi ilə bağlı sübutlar mövcud deyildir. Əksinə həmin malların gömrük ərazisindən kənara çıxarılması qərara alınmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, ŞəxsMMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin tərkibi yoxdur. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə bağlı onu qeyd edir ki, Şəxs MMC barədə həmin maddə ilə inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 322/FN, xx.xx.2023-cü il tarixli 323/FN və xx.xx.2023-cü il tarixli 339/FN nömrəli qərarlarının icra olunmamasına görə tərtib edilmişdir. Qeyd olunmalıdır ki, şəxs o halda İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilər ki, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin rəisinin qəbul etdiyi qərarlardan göründüyü kimi həmin qərarların 2-ci bəndi icra edilmədiyi təqdirdə inzibati məsuliyyət yaranır. İkinci bənd icra olunmadıqda isə məhsulların Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilməsi və Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalı olması qeyd edilmişdir. Göründüyü kimi qeyd olunan hərəkətlərin hər hansı bir hissəsinin icra edilməsi şəxsi digər hissəyə olan inzibati məsuiyyətdən azad edir. Yəni qərarların həmin hissəsinin icrası regional bölmələrinin əməkdaşlarının nəzarəti altında mümkündür. İş materiallarında isə regional bölmələrinin əməkdaşlarının nəzarəti altında qərarın qeyd edilən hissəsinin icra edilməməsinə dair sübutlar mövcud deyildir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, ŞəxsMMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-775/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-775/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver