Məhkəmə qərarları › İş №3(062)-781/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-781/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-781/2025 10.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ30598008 nömrəli qərardan barəsində qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli, EQ30598008 nömrəli inzibati xəta barədə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, inzibati xəta haqqında qərarda onun İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi göstərilmiş və barəsində 150 manat miqdarında inzibati cərimə tətbiq edilmişdir. Hansı ki, onun əməlində həmin inzibati xəta tərkibi olmamışdır. Çünki həmin ərazidə heç bir qadağanedici nişan quraşdırılmamışdır. Odur ki, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Əvvəlki məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli 3(062)-781/2025 saylı sorğulardan görünür ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə sorğu göndərilərək, X1 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 30598008 saylı inzibati xəta haqqında protokol üzrə toplanmış materialda olan sənədlərin təsdiq edilmiş surətlərinin, o cümlədən inzibati xətanın törədilməsinə dair fotovideo görüntülərin Tovuz Rayon Məhkəməsinə təqdim olunması xahiş olunmuş, lakin sorğuya cavab verilməmişdir. X3 tərəfindən təqdim edilmiş diskdən görünür ki, videogörüntüdə qeyd olunan yolda qadağanedici nişan quraşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 122.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); Maddə 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Maddə 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Maddə 327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün inzibati orqana göndərilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından aydın olur ki, şəxsə inzibati cərimənin tətbiq edilməsinin əsası onun İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Həmin normada göstərilmişdir ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Qərarda göstərilir ki, X3 nişanlama xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks nəqliyyat axının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməklə inzibati xəta törətmişdir. Məhkəmə tərəfindən sorğu verilərək qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlər tələb edilsə də, sorğuya cavab göndərilməmişdir. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi qanunla müəyyən edilmiş sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Digər tərəfdən qərardan şikayət vermiş şəxsin təqdim etdiyi videogörüntüdən aydın olur ki, videogörüntüdə qeyd olunan yolda qadağanedici nişan quraşdırılmamış, lakin həmin diskdə görüntüsü qeydə alınmış küçənin X1 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30598008 saylı inzibati xəta haqqında protokol üzrə göstərilən inzibati xətanın törədildiyi küçə ilə eynilik təşkil etməsi aydın şəkildə görünmür. Odur ki, bu kimi ziddiyyətlər yenidən araşdırılmalı və obyektiv nəticəyə gəlinməlidir. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbiylə, yəni İXM-nin 135.1.1-ci maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, İXM-nin 327.4-cü maddəsi ilə başlanmış icraat üzrə Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə tam, hərtərəfli və obyektiv əlavə araşdırmanın aparılması təmin edilməklə yenidən baxılması üçün toplanmış material DİN Baş X5 İdarəsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 130, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ30598008 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar