Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-791/2025 03.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, şikayət verən şəxs Tovuz rayonu Əyyublu bələdiyyəsinin sədri X4 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarının ləğv olunması barədə şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz rayonu Əyyublu bələdiyyəsinin sədri X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə İXM-nin 192.4cü maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növü tətbiq edilməsi barədə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 Qazax-Tovuz regional şöbəsi tərəfindən 2025-ci il 22 sentyabr tarixdə Əyyublu Bələdiyyəsinə daxil olmuş məktubla bildirilib ki, X10, X6, X5 və X7 ödənilməmiş əmək haqları və son haqq-hesabları ödənilsin. Əks halda onun 700 (yeddi yüz) manat məbləğində cərimə olunacağı bildirilib. Bu dörd nəfərin iddia etdiyi ümumi borc məbləği 7,232.38 manat təşkil edir. Həmin şəxslər və onların iddia etdiyi borc məbləğləri aşağıdakı kimidir: X10: 2025-ci il 29 yanvar tarixə kimi bələdiyyə üzvü və Ekologiya Komissiyasının sədri olmuşdur. Onun iddia etdiyi əmək haqqı 2024-cü ilin may ayından dekabr ayına qədər 2,458.15 manat, 2025-ci ilin yanvar ayı üzrə 374.00 manat, son hesablaşma olaraq 71.06 manat, yekun cəmi isə 2,903.21 manat təşkil edir; X5: xx.xx.2023-cü il tarixdə ictimai əsaslarla, xx.xx.2023 tarixdə əmrlə (xx.xx.2023-cü ildən hesablanmaqla) mühasib təyin edilmiş, xx.xx.2025 tarixdə ərizəsinə əsasən azad edilmişdir. Onun iddia etdiyi əmək haqqı 2024-cü ilin noyabr, dekabr ayları üçün cəmi 799.36 manat, 2025-ci ilin yanvar-fevral ayları üçün 893.86 manat, son hesablaşma olaraq 73.50 manat, yekun cəmi isə 1,766.72 manat təşkil edir; X6: xx.xx.2024 tarixində işə qəbul edilib vergi şöbəsinə müdir təyin edilib, xx.xx.2025-ci il tarixdə ərizəsinə əsasən işdən azad edilmişdir. Onun iddia etdiyi əmək haqqı 2024-cü ilin noyabr, dekabr ayları üçün cəmi 547.49 manat, 2025-ci ilin yanvar, fevral ayları üçün cəmi 654.50 manat, son hesablaşma olaraq 53.84 manat, cəmi isə 1,255.83 manat təşkil edir; X11: xx.xx.2023-cü il tarixdən işə qəbul edilib vergi müfəttişi təyin edilib, xx.xx.2025-ci il tarixdə ərizəsinə əsasən işdən azad edilmişdir. Onun iddia etdiyi əmək haqqı 2024-cü ilin noyabr, dekabr ayları üçün cəmi 545.14 manat, 2025-ci ilin yanvar, fevral ayları üçün cəmi 654.50 manat, son hesablaşma olaraq 106.88 manat, cəmi isə 1,306.52 manat təşkil edir. Əlavə olaraq bildirilir ki: 1) Bələdiyyənin borclu olduğu halda, 2024-cü il ərzində qulluqçulara 1,900 manat mükafat verilib. 2) Borclu olduğu halda 2 vergi müfəttişinə əlavə olaraq 2 vergi müfəttişi və bir mühasib götürülüb və bu səbəbdən borc daha da çoxalıb. 3) Həmin işçilər işə qəbul edilən zaman digər köhnə işçilərə 10 aylıq borc olmuş, onların borcu ödənmədiyi halda bu işçilər hər ay əmək haqqı almış və bu səbəbdən onlara cəmi 4 aylıq borc yaranmışdır. 4) Bu işçilər işə götürülərkən işə götürülmə qaydaları kobud şəkildə pozulmuşdur, belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə və "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 5-1 maddəsinə əsasən bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilməlidirlər, lakin həmin işçilərlə müsabiqə keçirilməmiş, əmək müqaviləsi bağlanmamış, bələdiyyə iclasında üzvlərlə razılaşdırılmamışdır. O, 2025-ci il 19 fevral tarixdə Əyyublu Bələdiyyəsinin sədri seçilmişdir. 2025-ci il 24 fevral tarixdə bələdiyyə iclasında bələdiyyə qulluqçularının hesabatı dinlənilmişdir. Hesabatdan aydın olmuşdur ki, bələdiyyə qulluqçuları, xüsusilə də Əmək Müfəttişliyinə müraciət edən şəxslər yarıtmaz işləmiş, işlərinin öhdəsindən gəlməmişlər. İclasın gedişi iştirakçıların xəbəri olmaqla lentə alınmışdır. Hətta onların işlərində cinayət tərkibi hiss olunmuşdur. O, onlara bildirmişdir ki, kim onunla birlikdə işləmək istəyirsə gərək təmiz, dürüst işləsin. Həmin günün səhəri günü X1 (yalnız bu işçi müsabiqə üsulu ilə qəbul edilib) başqa qalan işçilər ərizə ilə müraciət edərək işdən azad olunmalarını xahiş etmişlər. Bələdiyyə özünü idarə edən, maliyyələşdirən təşkilatdır. Vaxtilə kifayət qədər pul vəsaiti toplamamışlar. İndi bələdiyyə büdcəsinə toplanan pul vəsaitindən hazırda işləyən işçilərə aylıq əmək haqqı verilməsi nəzərdə tutulmuşdur. Əmək haqlarının ödənilməsi bələdiyyə üzvlərinin çıxardıqları qərar əsasında ödənilir, bələdiyyə sədrinin qərarı ilə deyil. İddiaçı şəxslər bələdiyyəyə rəsmi müraciət etmədikləri üçün bu məsələyə bələdiyyə iclasında baxılmamışdır. Məhkəmə iclasında şikayət verən Tovuz rayonu Əyyublu bələdiyyəsinin sədri X9 izahat verərək müraciətdə göstərilənləri bir daha təsdiqləmiş, əlavə olaraq bildirmişdir ki, bələdiyyənin büdcəsində yetərli vəsait olmadığı üçün əmək müqaviləsini xitam verilmiş şəxslərə zəruri ödəmələrə həyata keçirilməmişdir. Bələdiyyə büdcəsində olan çatışmazlıq əvvəlki bələdiyyə rəhbərliyinin və həmin işçilərin yarıtmaz fəaliyyəti ilə bağlıdır. İşçilər həmin ödəmələri bələdiyyənin əvvəlki rəhbərliyindən tələb etməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qazax-Tovuz regional şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarından görünür ki, Tovuz rayonu Əyyublu bələdiyyəsinin sədri X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyib, təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı saylı inzibati tənbeh haqqında qərarın ləğv olunması üçün heç bir səbəb müəyyən olunmamışdır. Belə ki, səlahiyyətli orqan tərəfindən gəlinən nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmış, gəlinən nəticə işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmiş, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, tətbiq edilmiş tənbeh bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğundur, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallar müəyyən olunmamış, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Şikayət vermiş şəxsin izahatında göstərdiyi səbəblər də işçilərin əmək hüquqlarının pozulmasına əsas verə, həmin hüquqların pozulmasına görə inzibati məsuliyyəti istisna edə bilməz. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı saylı qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı saylı qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-791/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-791/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver