Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-8/2025 27.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan barəsində qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsi ilə ona 700 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarda göstərilmişdir ki, o, Abşeron rayonu Masazır qəsəbəsi Qır gölü adlanan əraziyə **-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsilə tullantılar boşaltmış və ərazini çirkləndirmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Ümumiyyətlə qeyd olunan inzibati xətanın onun tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Belə olan halda inzibati xətanın tərkibi yaranmır. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət vermiş şəxsə və qərarından şikayət verilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərara əsasən, X2 Azərbaycan Resöublikası İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən, Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi X2 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, şəxs həmin inzibati qərarın ləğv olunması üçün heç bir əsaslı sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X1 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2 və 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1 və 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133- 135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-8/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-8/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver