Məhkəmə qərarları › İş №3(062)-804/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-804/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-804/2023 18.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Tovuz rayonu Azaflı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Tovuz rayonu Azaflı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-920/2023 saylı 18 aprel 2023-cü il tarixində verilmiş icra sənədinə əsasən Şəxs 23 fevral 2023-cü il tarixdən başlayaraq 02 oktyabr 2007-ci il təvəllüdlü Yaşar və xx.xx.2021-ci il təvəllüdlü Renat adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X1 xeyrinə tutulması barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-920/2023 saylı 18 aprel 2023-cü il tarixində verilmiş icra sənədini üzürlü səbədən icra etməmişdir. O, hal-hazırda işləmir. O, məhkəmə qərarını icra etməkdən boyun qaçırmamışdır. Sahhətində problemləri olduğu üçün iş tapa bilmir. İşlə təmin olan kimi aliment borcunu ödəyəcəyini bildirmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 bildirdi ki, maddi imkanı zəifdir. Uşaqlara tək başına baxa bilmir. Şəxs şikayətçi deyil, lakin borcunun ödənilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında materialın sənədlərini nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Normativ aktın mənasına görə, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün yuxarıda göstərilən maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına göstərilmişdir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Proses iştirakçılarının izahatları və iş materiallarından göründüyü kimi, Tovuz Rayon Məhkəməsinin 2(062)-920/2023 saylı 18 aprel 2023-cü il tarixində verilmiş icra sənədinə əsasən Şəxs 23 fevral 2023-cü il tarixdən başlayaraq 02 oktyabr 2007-ci il təvəllüdlü Yaşar və xx.xx.2011-ci il təvəllüdlü Renat adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin alınaraq X1 xeyrinə tutulması barədə icra sənədi mövcuddur. İcra işinin materillarından göründüyü kimi borclu sonuncu dəfə 16 sentyabr 2023-cü ildə tələbkara icra sənədi üzrə 250 manat məbləğində ödəniş etmişdir.Ondan əvvəl, yəni 25 iyul 2023-cü ildə 300 manat, 01 sentyabr 2023-cü ildə 50 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Hazırki vəziyyətdə Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini özündə ehtiva edən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə müvafiq olaraq, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə ki, məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi əsas qərəzlərdən biridir. Bundan əlavə borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi də sadalanan əlamətlərdəndir. Konstitusiya Məhkəməsi borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olmasını da məhkəmə aktının qərəzli icra edilməməsinin əlaməti sayır. Yəni borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz. Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından Tovuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 18 sentyabr 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Tovuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 18 sentyabr 2023cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar