Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-805/2024 08.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Şəxs MMC barəsində xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs MMC 12200 İngilis funt sterlinqi məbləğdə vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də həmin məbləğdə vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə ehtiyyat hissələri üçün Şəxs MMC tərəfindən “SNİ 001 LTD” şirkətinə 12200 İngilis funt sterlinqi ödəniş edilmişdir. Lakin “SNİ 001 LTD” şirkətində logistic problemlərinə görə mallar həmin şirkətin paralel şirkəti olan “X4 LTD” şirkətinə göndərilmişdir. Həmin şirkət tərəfindən mallar göndərilmiş və gömrük ərazisində rəsmiləşdirilmişdir. Həmin fakt iş materiallarına əlavə edilən gömrük bəyannamələri ilə öz təsdiqini tapmışdır. Şirkət barəsində tərtib edilmiş protokol əsassızdır. Odur ki, Şəxs MMC-nin barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş etdi. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd olunmuşdur ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, Şəxs MMC tərəfindən “SNİ 001 LTD” şirkətinə 12200 İngilis funt sterlinqi ödəniş edilmişdir. Lakin “SNİ 001 LTD” şirkətində logistic problemlərinə görə mallar həmin şirkətin paralel şirkəti olan “X4 LTD” şirkətinə göndərilmişdir. Həmin şirkət tərəfindən mallar göndərilmiş və gömrük ərazisində rəsmiləşdirilmişdir. Həmin fakt iş materiallarına əlavə edilən gömrük bəyannamələri və “SNİ 001 LTD” şirkətinin xx.xx.2022-ci il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, mövcud durumda Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə inzibati icraat başlaya bilməz. Çünki həmin normanın tələbləri MMC tərəfindən pozulmamışdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-805/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-805/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver