Məhkəmə qərarları › İş №3(062)-806/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-806/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-806/2023 18.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsi, hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cu ildə Tovuz rayonu, Girzan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Tovuz rayonu Hunanlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tovuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində ona görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, Tovuz Rayon Məhkəməsi tərəfindən 2(062)- 1789/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs qızıl –zinət əşyalarının və cehiz əşyalarının naturada özləri, yaxud naturada verilməsi mümkün olmadıqda dəyəri alınaraq X2 verilməsi qət edilmişdir. Cavabdeh Şəxs İcra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin büyuk icra məmuru X3 izahatında göstərdi ki, Tovuz Rayon Məhkəməsi tərəfindən 2(062)-1789/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs qızıl–zinət əşyalarının və cehiz əşyalarının naturada özlərinin, naturada verilməsi mümkün olmadıqda onların dəyərinin alınaraq X2 verilməsi qət edilmişdir. Ona görə də, qanuna müvafiq qərar gəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1789/2020 saylı xx.xx.2020-ci il tarixində verilmiş icra sənədini üzürlü səbədən icra etməmişdir. O, halhazırda işləmir. O, məhkəmə qərarını icra etməkdən boyun qaçırmamışdır. Səhhətində problemləri olduğu üçün iş tapa bilmir. İşlə təmin olan kimi borcunu ödəyəcəyini bildirmişdir. Bundan da başqa o dəfələrlə cehiz əşyalarının gəlib aparılması təklifini tələbkara irəli sürmüşdür. Lakin onlar cehizləri aparmırlar,ümumiyyətlə belə bir məhkəmə qətnaməsindən onun xəbəri də olmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXMnin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə inzibati xəta haqqında materialın sənədlərini nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş qaydada başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Normativ aktın mənasına görə, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün yuxarıda göstərilən maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına göstərilmişdir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyi hallarda borclunun, ilk növbədə, inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, borclu icra hərəkətlərindən məlumatsız olmuş, onun izahatı 18 sentyabr 2023-cü ildə alınmış, icraata başlamaq haqqında qərar borcluya təqdim edilıməmiş və nəhayət borcluya tələbin könüllü icrası üçün vaxt verilməmişdir. Belə olduğu halda məhkəmə qeyd edir ki, icra sənədi üzürlü səbəblərdən icra edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də Məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tovuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 18 sentyabr 2023cü il tarixli MN ******* №-li inzibati protokola əsasən fərdi identifikasiya nömrəsi 5ZWNZ2R olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar