Məhkəmə qərarları › İş №3(062)-809/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-809/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-809/2023 09.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi, X1, 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş18 avqust 2023-cü il tarixli MN № ******* saylı qərarından X9 tərəfindən verilmiş şikayətə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 18 avqust 2023-cü il tarixli MN № ******* saylı qərar qəbul edilməklə Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən 600 (altı yüz) manat miqarında cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş 18 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Əsrik çayının sahilində onun özünə məxsus “Nəvələr” adlı istirahət mərkəzi vardır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları istirahət mərkəzinə gələrək obyektdə Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta pozuntusunun olmasını bildirib, xx.xx.2023-cü il tarixli ******* saylı protokol tərtib etmişlər ki, guya obyektin çırkab sularının çaya axıdılması və ərazinin zibillənməsi göstərilmişdir. xx.xx.2023-cü il tarixdə MN ******* saylı qərar qəbul olunaraq o fiziki şəxs kimi 600 manat məbləğində cərimə olunmuşdur. O, həmin qərarı xx.xx.2023-cü il tarixdə almışdır. 2 saylı İdarənin əməkdaşları tərəfindən yoxlama aparılan zaman çirkab sularının çaya axıdılma halı olmamışdır. O, çirkab sularının axıdılması üçün obyektə xüsusi quyu qazdırmış və çirkab suları həmin quyuya axıdılmışdır. Tənbeh tədbirinə digər əsas kimi göstərilən zibil tullantılar onun obyektinin ərazisində olmamışdır. Həmin tullantıların olduğu yer qonşu obyektin ərazisidir və o həmin ərazidən heç bir məqsədlə istifadə etməmişdir. O, mütəmadi olaraq zibil tullantıların xüsusi qablara yığdıraraq zibilxanaya daşıtdırmışdır. “Nəvələr” istirahət mərkəzi hər zaman öz təmizliyi ilə digər obyektlərdən seçilmişdir. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 18 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunmasını və ona yazılmış 600 manat cəriməninin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət ərizəsi verən X4 şikayətini müdafiə edərək göstərdi ki, 18 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 bildirdi ki, idarənin əməkdaşları növbəti reyd keçirilərkən “Nəvələr” istirahət mərkəzində iş fəaliyyəti zamanı formalaşan tullantı-çirkab sularının təmizlənmədən Əsrik çayına axıdılmaqla su obyektinin çirkləndirilməsi, nəticədə Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xəta törətmiş vəb xx.xx.2023-cü il tarixli ******* saylı protokol tərtib olunmuşdur. Ona görə də, şikayətin təmin olunmamasını xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, həmin ərazidə quyu qazılmış, çirkab suları quyuya axıdılır. Bu barədə müvafiq akt da tərtib edilmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, proses iştirakçılarının izahatını dinləyib hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İXMnin 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında qərar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, pozuntu törədən hallar qərarda dəqiq təsvir olunmamış, qərarda xətanın mahiyyəti sadəcə İXM-nin 264.0.1-ci maddəsinin dispozisiya hissəsi köçürülməklə kifayətlənmişdir. İşdə olan və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, çirkab suları ərazidə qazılmış quyuya axıdılır. Göründüyü kimi X4 tərəfindən çirkab sularının çaya axıdılmasının qarşısını almaqdan ötrü həmin ərazinin relyefinə uyğun tədbir görülmüş, yəni quyu qazılmışdır. Yəni, ərazinin coğrafi relyefinin imkan verdiyi həddə tədbirlər görülmüşdür. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzbati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 18 avqust 2023-cü il tarixli MN № ******* saylı qərar ləğv edilməli və barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat cərimə edilməsinə dair 18 avqust 2023-cü il tarixli MN № ******* saylı qərar ləğv edilsin və barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar