Məhkəmə qərarları › İş №3(062)-817/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-817/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-817/2025 03.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1955-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, əlilliyi olmayan, deməsinə görə məhkumluğu olmayan, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1690/2022 saylı 15 dekabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən 330 KV 4 X3 Verilişi xəttinin 144-145-ci dayaqlar arasındakı mühafizə zonasının zəbt olunmadan azad edilməsi üçün qeyri-qanuni tikili cavabdeh Şəxs hesabına sökülməsi və əvvəlki vəziyyətə gətirilməsi barədə məhkəmənin qətnaməsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1690/2022 saylı 15 dekabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən 330 KV 4 X3 Verilişi xəttinin 144-145-ci dayaqlar arasındakı mühafizə zonasının zəbt olunmadan azad edilməsi üçün qeyri-qanuni tikili cavabdeh Şəxs hesabına sökülməsi və əvvəlki vəziyyətə gətirilməsi barədə icra vərəqəsinin icrasından sonuncu boyun qaçırır. Borclu tərəfindən sökülmələr edilməmiş və həmin ərazinin sökülməsi barədə ölçmə işləri aparılmamışdır. Şəxs üzərinə düşən öhdəliyi icra etmədiyinə və söküntünü aparmadığına görə onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, evdə uzun illərdir ki, yaşayır. Evin hansı tərəfinin sökülməli olduğunu bilmir. Bundan başqa söküntünün aparılması üçün nə maddi imkanı, nə də hər hansı bir texnikası yoxdur. Ona görə də hesab edir ki, qətnamənin icrasından qərəzli boyun qaçırmır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs barəsində protokol tərtib olunan tarixdə yəni 03 noyabr 2025-ci il tarixdə izahatı alınmış və o icra işi barədə xəbərdar olduğunu və işi icra edə bilməməyini maddi imkanın olmaması ilə əlaqələndirməmişdir. Məhkəmənin gəldiyi qənaətə əsasən bu xarakterli işlərdə şəxsin söküntünün aparılmasına maddi imkanı olmadığı təqdirdə icra məmuru tərəfindən məcburi xarakterli hərəkətlər (icra tədbirləri) edilməlidir (söküntü üçün texnikanın cəlb edilməsi və.s). Həmçinin icra məmurunun öz çıxışında qeyd etdiyi kimi söküntünün hansı hissədə aparılmasını müəyyən etməməsi Şəxs icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırması halı kimi qiymətləndirilə bilməz. Məhkəmə iclası zamanı müəyyən edildi ki, icra zamanı tələbkar təşkilatın nümayəndələri icra yerində olmuş, dayaqlar arasında nəyin söküləcəyini bildirməmişlər. Hətta onların nəyə görə icra yerinə çağırılaraq vətəndaşlarla üz-üzə qoyduqlarına görə icra məmuruna irad bildirmişlər. Halbuki icra tədbirləri həyata keçirilərkən tələbkarın nümayəndəsi iştirak etməli, icra hərəkətləri barədə mövqe bildirməlidir. Həmçinin icra yerinə hər hansı bir texnika aparılmamışdır. İcra vərəqəsində borclunun vəsaiti hesabına sökülmənin həyata keçirilməsi göstərilmişdir. Texnikanın icra yerinə gətirilməsi borclunun səlahiyyətinə aid deyil. Yalnız icra üçün zəruri olan vəsait borcludan alına bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra vərəqəsini icra etməmə əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədinin üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar