Məhkəmə qərarları › İş №3(062)-833/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-833/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-833/2024 25.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1985-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, İİ qrup əlil olan, Tovuz rayonu Köhnəqala kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon X8 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi, polis leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Şəxs X1 yaşadığı Tovuz rayonu Köhnəqala kəndində sonuncunu döyərək ona fiziki ağrılar yetirmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, X2 ilə münasibətləri əvvəlcədən pis olmuş və aralarında ədavət, mübahisələri olmuşdur. Lakin, o heç vaxt heç kəsi vurmamışdır. Belə ki, barəsində tərtib edilmiş protokolla razılaşmır. Çünki o, Zərəntac Hümbətovanı vurmamışdır. Ona görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində baş vermiş mübahisə zamanı əvvəl X7, daha sonra ora gələn Şəxs və X3 onu döyərək bədəninin müxtəlif yerlərinə xəsarət yetirmişdir. Hazırda Şəxs ilə barışmır və sonuncunun barəsində qanuna uyğun inzibati tənbeh seçilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Tovuz RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuş xx.xx.2024-cü il tarixli 707 saylı rəydən görünür ki, X1 bədənində dərəcəsi təyin edilməyən müəyyən xəsarətlər olmuş, lakin həmin xəsarətlərin Agün Musayeva tərəfindən yetirildiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi bir başa dəlillərlə sübuta yetirilməmişdir. Doğrudur cinayət işinin başlanmasının rədd edilməsi barədə Şəxs qızının əməlində inzibati xəta tərkibinin olması qənaətinə gəlinsə də, məhkəmə hesab edir ki, həmin qərardan da göründüyü kimi iş üzrə ətraflı araşdırılma aparılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin qərarın hazırki iş üzrə sübuti əhəmiyyəti yoxdur və həmin qərar şəxsi inzibati xəta törətməkdə şübhə altına ala bilməz. Hadisənin Şəxs tərəfindən də törədilməsini təsdiq edən digər sübut isə zərərçəkmiş şəxsin öz izahatıdır ki, onun da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə ədavəti olduğundan fərqli bir izahat verməyi gözlənilən deyildir. Odur ki, həmin şəxsin izahatı da şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün yetərli deyildir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsində təsbit edilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd edir ki, barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Çünki onun tərəfindən zərəçəkmiş şəxsə hər hansı fiziki ağrı yetirilməmişdir. Bu fakt zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatla tam təkzib olunur. Həmçinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan da göründüyü kimi X1 bədənində müəyyən edilmiş xəsarətlərin Şəxs tərəfindən törədildiyini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda inzibati xəta tərkibi olmasından söhbət gedə bilməz. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Nəzərə almaq lazımdır ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar