Məhkəmə qərarları › İş №3(062)-839/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-839/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-839/2023 03.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, xx.xx.1978-ci ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən X5 barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-366/2022 saylı 09 mart 2023-cü il tarixində verilmiş icra sənədinə əsasən borclular X1 və X2 15200 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X4 xeyrinə tutulması barədə icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında X5 izahatında göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-366/2022 saylı 09 mart 2023-cü il tarixində verilmiş icra sənədi üzrə tələbkarla hər ay min manat ödənilməsinə dair razılığa gəlsələr də, müştərək borclular kimi hər ay 400 manat pul ödəyirlər.O, hal-hazırda işləmir. Ona görə icra sənədini icra edə bilmir. May ayında 400 manat, bu gün isə 200 manat ödəniş etmişlər. Odur ki, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-366/2022 saylı 09 mart 2023-cü il icra sənədinin icrası ilə borclularla hər ay 1000 manat ödənilməsi ilə bağlı razılığa gəlmişdi. Ancaq onlar min manat deyil, 400 manat məbləğində ödəniş edirlər. O da onu qane etmir. Ona görə də, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında materialın sənədlərini nəzərdən keçirib hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Normativ aktın mənasına görə, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün yuxarıda göstərilən maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına göstərilmişdir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Proses iştirakçılarının izahatları və iş materiallarından göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-366/2022 saylı 09 mart 2023-cü il tarixində verilmiş icra sənədinə əsasən borclular X1 və X2 15200 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X4 xeyrinə tutulması barədə icra sənədi mövcuddur. İcra işinin materillarından göründüyü kimi borclu sonuncu dəfə 03 oktyabr 2023-cü ildə tələbkara icra sənədi üzrə 200 manat məbləğində ödəniş etmişdir. Ondan əvvəl, yəni 25 may 2023-cü il tarixdə 400 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Eyni zamanda tələbkarın da izahatından müəyyən edilir ki, min manatın ödənilməsinə dair razılığa gəlinsə də, hər ay 400 manat məbləğində ödənişlər həyata keçirilir. Hazırki vəziyyətdə X3 qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini özündə ehtiva edən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə müvafiq olaraq, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə ki, məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi əsas qərəzlərdən biridir. Bundan əlavə borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi də sadalanan əlamətlərdəndir. Konstitusiya Məhkəməsi borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olmasını da məhkəmə aktının qərəzli icra edilməməsinin əlaməti sayır. Yəni borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz. Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, X3 qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından Tovuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 03 oktyabr 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və X5 inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Tovuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 03 oktyabr 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və X5 inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar