Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-843/2024 27.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1959-cu ildə Qazax rayonu Qırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsində böyük inspektor işləyən, əlilliyi olmayan, Ağstafa rayonu Qırlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Tovuz şəhəri İsmayıl Mürşüdov küçəsində yerləşən Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin inzibati binasında aralarında yaranmış mübahisə zamanı X4 döyərək ona fiziki ağrılar yetirmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi, polis leytenantı X6 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyi sübuta yetirilmişdir, onun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş döymə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, X4 2024-cü ilin iyul ayından tanıyır. Onunla hər hansı düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində X7 idarənin inzibati binasına gələrək onunla mübahisə etməyə başlamışdır. Lakin, o heç vaxt heç kəsi vurmamışdır. Belə ki, barəsində tərtib edilmiş protokolla razılaşmır. Çünki o, qeyd olunan tarixdə Cəbrayıl Nəsibov ilə mübahisə etmiş, lakin sonuncunu döyməmişdir. Ona görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Onun oğlu X5 İİ Qarabağ müharibəsində şəhid olmuşdur. Ailəsinə gəlir gətirən yeganə şəxs olduğundan Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinə müraciət edərək, Tovuz-Əsrik Cırdaxan marşurut xətti ilə işləmək istədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə idarənin əməkdaşları onun mikroavtobusunun şəkilini çəkərkən onlarla mübahisə etmiş və onu idarəyə dəvət etmişlər. xx.xx.2024cü il tarixdə saat 11 radələrində o, idarəyə getmiş, Şəxs otağına daxil olmuşdur. Bu zaman yenidən mübahisə yaranmış və Şəxs onun üzərinə gələrək bədəninin müxtəlif yerlərinə vuraraq xəsarət yetirmişdir. Hazırda Şəxs ilə barışmır və sonuncunun barəsində qanuna uyğun inzibati tənbeh seçilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Tovuz RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. “MTE və PA” ETT birliyinin Tovuz rayon çöbəsinin xx.xx.2024-cü il tarixli 744 nömrəli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər: sağ bazu oynağının və boyun nahiyəsinin qançır-şişkinliyi, həmçinin sağ bazu nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Məhkəmə Şəxs inzibati xətanı törətməsini etiraf etməməsi barədə izahatına tənqidi yanaşaraq, özünü müdafiə xarakteri daşıdığını hesab edir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Göründüyü kimi barəsində inzibati protokol tərtib olunmuş şəxs Şəxs altmış beş yaşına çatmışdır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, qəbul ediləcək qərarın onun ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-843/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-843/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver