Məhkəmə qərarları › İş №3(062)-849/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-849/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-849/2024 30.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz Rayon YPX baş inspektor polis baş leytenantı X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx xxxxx 2004-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əlilliyi olmayan, subay, deməsinə görə məhkumluğu olmayan, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs- Barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3 və 339.1.1-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 22 sentyabr 2024-cü il tarixdə Tovuz rayonu Əlibəyli kəndində yolda etibarnamə ilə idarə etdiyi VAZ 21074 minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini toy karvanında qabağa yüksək sürətlə hərəkət etdirməklə ziq-zaq hərəkətləri edərək manevr etmə qaydasını ard-arda pozaraq avtoxuliqanlıq etmişdir. Baş vermiş xəta ilə əlaqədar Şəxs barəsində 30 sentyabr 2024-cü il tarixdə İXP ******* saylı protokol tərtib olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 339.1-1 və 511.1.3-cü maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs verdiyi ifadəsində göstərdi ki, “VAZ 21074” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 22 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində Tovuz rayonu Əlibəyli yolunda dostunun toy məclisində iştirak etmək üçün “Şah” adlanan restorana gedərkən yolda toy karvanında avtombili idarə edən zaman anidən avtmobili sürətləndirilmişdir. Avtomobildə müəyyən nasazlıq olduğundan belə alınmışdır. Bu zaman onu qohumları telefonla çəkmiş və görüntünü sosial şəbəkəyə yerləşdirmişlər. Qaydanı pozduğundan xəbərdardır. Hazırda əməlindən səmimi peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs dinləyib, video görüntüyə baxıb, iş materiallarını tədqiq edərək belə qərara gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə tövsif edilməli və həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh tətbiq olunmalıdır. İşə əlavə olunmuş sosial şəbəkədən götürülərək diskə köçürülmüş görüntü ilə müəyyən olunur “VAZ 21074” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması zamanı şəxs mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya sağa- sola hərəkət etməklə yolun səthində çoxsaylı təkər izlərinin buraxılması əməli törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İşə əlavə edilmiş arayışdan görünür ki, Şəxs son bir ildə inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəxs 22 sentyabr 2024cü il tarixdə Tovuz rayonu Əlibəyli kəndində yolda etibarnamə ilə idarə etdiyi VAZ 21074 minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini toy karvanında qabağa yüksək sürətlə sağa-sola hərəkət etdirməklə manevr etmə qaydasını ard-arda pozaraq avtoxuliqanlıq hərəkətini törətmişdir. Bu nəticəyə gələrkən məhkəmə materiala əlavə edilmiş görüntüyə baxış keçirən zaman bu qənaətə gəlmişdir. Bundan başqa Şəxs da etdiyi əməli etiraf etmişdir. Onun əməlini “avtomobilin nasaz vəziyyətdə olması” halı ilə əlaqələndirməsinə məhkəmə tənqidi yanaşır. Bu nəticəyə gələrkən məhkəmə Şəxs bu ifadəsini onun özünü müdafiə məqsədi ilə verdiyini qeyd edir. Bundan başqa “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu sürücünün üzərinə vəzifə kimi yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Buradan da göründüyü kimi mexaniki nəqliyyat vaxsitəsinin sürücüsünün vəzifəsi həmin nəqliyyat vasitəsinin hərəkəti zamanı onun texniki cəhətədən sazlığını da təmin etməkdən ibarətdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Şəxs həmçinin İXM-nin 339.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən 339.1-1-ci maddəsi ilə işlərə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən həmin maddəyə müvafiq qiymət verilməsi üçün səlahiyyətli orqanın nəzərinə çatdırılmalıdır.Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun inzibati qaydada həbs olunmasını məqsədə müvafiq hesab edir. Cəzasının əvvəli 30 sentyabr 2024-cü il tarixdən saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 30 sentyabr 2024-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar