Məhkəmə qərarları › İş №3(062)-852/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-852/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-852/2024 01.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, deməsinə görə məhkumluğu olmayan, Tovuz rayonu Qovlar şəhəri Vidadi küçəsi ev 18-də qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2 (062)-3188/2023 saylı icra vərəqəsinə əsasən 30 iyun 2013-cü ildə anadan olmuş Fidan və 01 mart 2015-ci ildə anadan olmuş Əlihüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit pul məbləğində hər uşaq üçün 180 manat alimentin alınaraq X2 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2 (062)-3188/2023 saylı icra vərəqəsinə əsasən 30 iyun 2013-cü ildə anadan olmuş Fidan və 01 mart 2015-ci ildə anadan olmuş Əlihüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit pul məbləğində hər uşaq üçün 180 manat alimentin alınaraq X2 verilməsi qət olunmuşdur. Həmin icra vərəqəsinin icrasından Şəxs üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Şəxs icra vərəqəsi üzrə borcundan ödəmələr etsə də hazırda borcu 14400 manat təşkil edir. Şəxs barəsində protokol tərtib olunarkən onun tərəfindən ümumilikdə 3120 manat ödəmə etməsi bəlli olsa da ona borcunun tamamilə ödənilməsi bildirilmişdir. Şəxs borcunu tam ödəmədiyinə görə onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, aliment borcundan ödəmələr etməyə başlamışdır. Hər ay həm alimenti, həm də borc kimi yığılmış əvvəlki ayları ödəməyə başlamışdır. Həmçinin uşaqlara müəyyən yardımlar edən zaman hesab etmişdir ki, aliment borcunu ödəyir. Artıq alimenti ilə bağlı ödəmələr etməyə başlamışdır. İcra məmurunun xəbərdarlığından sonra 3120 manat ödəmə etmişdir. Hər ay həm aylıq alimentini, həm də borc kimi yığılmış məbləği ödəyəcəkdir. Ona görə də hesab edir ki, qətnamənin icrasından qərəzli boyun qaçırmır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs icra işi barədə barəsində protokol tərtib olunan tarixdən öncəki tarixdə yəni 2023-cü ilin avqust ayından hər ay ödəniş edir. Alimentlə yanaşı yığılmış borcu da ödəmək istəyi Şəxs, həmçinin aliment borcunu yaxın müddətdə ödəmə edərək borcu bağlamaq istəyi onun qətnamənin icrasından boyun qaçırmadığını göstərir. Həmçinin müəyyən edildi ki, Şəxs borcu tam hesablanmadan məhkəməyə verilmişdir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar