Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-857/2023 09.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Zərəçəkmiş şəxsin nümayəndəsi X3, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMC-də operator vəzifəsində işləyən, əlilliyi olmayan, məhkumluğu olmayan, subay, Tovuz rayonu Qovlar şəhəri Fizuli küçəsi ev 14-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 2(062)-1920/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 30 mart 2014-cü ildə anadan olmuş Ömər adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat alimentin alınaraq X1 verilməsi qət edilməsinə baxmayaraq Şəxs icra sənədi üzrə borcunu icra məmurunun müəyyən etdiyi müddətdə yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstədi ki, 2(062)-1920/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 30 mart 2014-cü ildə anadan olmuş Ömər adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat alimentin alınaraq X1 verilməsi barədə icra vərəqəsinin tam ödənilməsindən imtina etmişdir. Belə ki, son hesablamaya əsasən Şəxs borcu 2860 manat təşkil edir. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tam şəkildə ödəməmişdir. İcra sənədinin icrasından üzrsüz səbəblərdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Ona görə də onun barəsində inzbati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstədi ki, onun borcu 371 manat təşkil edir. Belə ki, 2022-ci ilin aprel ayına qədər bir yerdə yaşamışlar. Hesab edir ki, həmin müddət ərzində onun kartına pullar ödəmişdir ki, bu da onun gələcəkdə olan aliment öhdəliyinin əvəzi olmalı idi. Onun cəmi 371 manat borcu var. 2022-ci ilin aprel ayından ayrıldıqları müddətdən sonra heç bir pul ödəməmişdir. Borcu o qədər təşkil etmir. Vaxt verilərsə borcunu aydınlaşdıraraq ödəmə edə bilər. Hazırda maddi imkanı yoxdur. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi X5 məhkəmə iclasında bildirdi ki, zərərçəkmiş şəxs onun qızıdır. Qızı ilə Şəxs 2018-ci ildə məhkəmənin qərarına əsasən ayrılmışlar və aliment də təyin olunmuşdur. Sonradan qızı ilə Şəxs barışaraq bir yerdə yaşamışlar. 2022-ci ilin aprel ayından qızı yenidən ayrılaraq onun yanında yaşayır. 2022-ci ilin aprel ayından qızına özü baxır. Şəxs bu müddət ərzində aliment öhdəliyini icra etməmişdir. Qızının adına karta göndərilən pulların bir hissəsi isə qızı ilə Şəxs birlikdə yaşadıqları vaxt ərzində onun tərəfindən göndərilmişdir. Ailədə kart olmadığı üçün Şəxs da göndərilən pulları həmin karta göndərilərək oradan çıxarılmışdır. Şəxs vaxt verilməsini borcunu ödəmək üçün yox, məsuliyyətdən yayınmaq üçün istəyir. Bu gün Şəxs borcunu tamamilə ödəməsə qəbul etməyəcəkdir. Ona görə də ondan şikayətçidir və qanuni cəza verilməsini istəyir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və protokolu tərtib etmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə eyni zamanda Şəxs karta pul ödəməsi barədə göstərdiklərinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, kartdan çıxarışdan görünür ki, karta pullar 2022-ci ilin aprel ayınadək ödənilmişdir. Hər iki tərəf isə 2022-ci ilin aprel ayınadək birgə yaşadıqlarını etiraf edir. Həmin müddətdən sonra tərəflər yenidən ayrılmışlar və heç bir ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, Şəxs qətnamənin icrasından qərəzli yayınır. Məhkəmə Şəxs şəxsiyyətini, yuxarıda qeyd olunan məsuliyyətini yüngülləşdirən halı və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs olunmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 09 oktyabr 2023-cü il tarixdən saat 16:45-dən hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-857/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-857/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver