Məhkəmə qərarları › İş №3(062)-863/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-863/2025

28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-863/2025 28.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli elektron qərardan barəsində qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta barədə elektron qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında qərarda da göründüyü kimi, X1 rayonu İ.Qayıbov küçəsində xx.xx.2025-ci il tarixdə saat 13:26-da qayda pozuntusu törədib. Göründüyü kimi tarix və saat dəqiq göstərilmişdir. Amma məhz X2 xx.xx.2025-ci il tarixdə saat 13:26-da inzibati xətanı törətdiyini sübut edən dəlil elektron kabinetə yerləşdirilməmişdir. Törətdiyi iddia olunan inzibati xəta ilə bağlı onun elektron kabinetinə yalnız dünya xəritəsi yerləşdirilmişdir (video və foto çəkliş yoxdur). Halbu ki, Yol Patrul Xidməti haqqında Təlimatın 1.4-nə əsasən YPX-nin əməkdaşı xüsusi peşə hazırlığı keçməli, xidməti vəzifələrini yerinə yetirərkən intizamlı və sayıq olmalı, cəsarət və qətiyyətlilik göstərməlidir. Eləcə də 3.13-nə əsasən YPX aşağıdakılar ilə təmin olunur: 3.13.3.-nə əsasən yol hərəkəti qaydalarını pozma hallarını qeydə alan xüsusi-texniki vasitələrlə (sərxoşluq vəziyyətini, nəqliyyat vasitələrinin tullantılarında çirkləndirici maddələrin miqdarını, avtomobillərin şüşələrinin işıq buraxma qabiliyyətini müəyyən edən cihazlar və digər); 4.6.-nə əsasən Patrul avtomobili radio-cihaz vasitəsi, bort-kompüter, videokamera, ilk tibbi yardım qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunur. Eləcə də 8.7-nə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə DYP orqanına baxılması üçün göndərildikdə xəta törədilməsini sübut edən müvafiq görüntülərə dair çəkiliş protokola əlavə edilməlidir. Hesab edir ki, onun inzibati xətanı törətdiyinə dair heç bir sübut yoxdur. Barəsində olan inzibati işin icraatına xitam verilməli, barəsində tərtib edilmiş cərimə və cərimə balı silinməlidir. Ona görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X4 şikayətdə göstərilənlərə uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh verilməsi haqqında xx.xx.2025-cü il tarixli elektron qərardan görünür ki, X4 xx.xx.2025-cü il tarixli, TP ******* saylı protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Müəyyən edilmişdir, İXM-nin 115.1.4-cü maddəsinin tələbləri pozularaq inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar əks etdirilməmişdir. Həmçinin, İXM-nin 124.4-1-ci maddəsinin tələbləri pozularaq Bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayət təmin edilsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-cü il tarixli, TP ******* nömrəli elektron qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar