Məhkəmə qərarları › İş №3(062)-868/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-868/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-868/2023 10.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Lənkəran Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 2 (049)-769/2019 saylı icra vərəqəsinə əsasən 04 avqust 2011-ci ildə anadan olmuş Dəniz və 28 sentyabr 2013-cü ildə anadan olmuş Təravət adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit pul məbləğində cəmi 240 manat alimentin alınaraq X2 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 2 (049)-769/2019 saylı icra vərəqəsinə əsasən 04 avqust 2011-ci ildə anadan olmuş Dəniz və 28 sentyabr 2013-cü ildə anadan olmuş Təravət adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit pul məbləğində cəmi 240 manat alimentin alınaraq X2 verilməsi qət olunmuşdur. Şəxs hər ay 500 manat ödəniş edir. Əvvəllər Şəxs borcu 6000 manatdan çox olsa da 2023cü ilin aprel ayından başlayaraq hər ay 500 manat ödəmə etməsi nəticəsində hazırda borcu 5770 manat təşkil edir. Ona borcunun tamamilə ödəməsini bildirilməsinə baxmayaraq Şəxs əvvəllər yığılmış borcunu tamamilə ödəmir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, məhkəmə tərəfindən uşaqlarının saxlanması üçün qət olunmuş alimenti ödəyir. Bundan başqa əvvəllər borcu 6 min manatdan çox olsa da hazırda alimenti ilə bərabər borcundan da ödəmə etməsi nəticəsində 5770 manat borcu qalmışdır. Hər ay borcundan 500 manat ödəmə edir. Əvvəllər yığılmış borcu işsizliyi ilə əlaqədar olmuşdur. Borcunu ödəməkdən yayınmaq fikri yoxdur. Sentyabr ayı üçün ödəməni 13 sentyabr 2023-cü il tarixdə ödəmişdir. Həmin vaxt da 500 manat ödəmə etmişdir. 3-5 gün sonra işlədiyi iş üçün haqq alan zaman oktyabr ayı üçün də ödəmə edəcəkdir. Ona görə də hesab edir ki, qətnamənin icrasından qərəzli boyun qaçırmır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclu hər ay ödəmə edir. Yığılmış borcların əvvəlki tarixdə olması və Şəxs hər ay alimenti ilə yanaşı yığılmış borcundan da ödəmə etməsi onun qətnamənin icrasından qərəzli boyun qaçırmadığını göstərir. Şəxs hər ay ödəmə etməsi və ödəmənin aylıq aliment üçün müəyyən olunmuş məbləğdan artıq olması halı onun qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmadığını göstərir. Bu isə onu deməyə əsas verir ki, onun əməlində inzbati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar