Məhkəmə qərarları › İş №3(062)-873/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-873/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-873/2025 11.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, protokol tərtib etmiş Tovuz RPŞ-nin əməkdaşı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın iştirakı ilə, xx.xx.1991-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində “Mercedes Benz E400” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə X1 yüngül zərər vurulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsinə eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi barəsində inzibati icraat aparılan şəxsin törətdiyi İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində olan inzibati xəta həmin Məcəlləyə müvafiq olaraq məhkəmənin səlahiyyətinə aiddir. Ona görə də həmin maddədə qeyd olunan inzibati xəta üzrə məhkəmə tərəfindən hüquqi dəyərləndirmə aparılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X8 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Şəxs sahiblik hüququ arvadı X3 məxsus olan,etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E400” minik markalı,**-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz şəhəri Rövşən Məmmədov kücəsi ilə 50km/saat sürətlə hərəkətdə olmuşdur. O,idarə etdiyi “Mercedes Benz E400” minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz şəhəri, Rövşən Məmmədov küçəsi ilə hərəkətdə olarkən “Xalq Bank “-ın yanındakı Rövşən Məmmədov küçəsi ilə Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən yolayrıcına daxil olduqda anidən idarə etdiyi avtomobillə yanaşı yolayrıcına Həzi Aslanov küçəsi istiqamətindən “VAZ2115” minik markalı dövlət qeydiyyat nişanlı ,**-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil də yolayrıcına daxil olmuşdur. O, “VAZ2115” minik markalı dövlət qeydiyyat nişanlı ,**-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilk dəfə gördükdə idarə etdiyi avtomobil ilə həmin avtomobil arasında təxminən 3 metr məsafə olmuşdur. O, həmin vaxt toqquşmadan yayınmaq məqsədilə dərhal avtomobilinin tormozuna basmış, lakin ara məsafəsi az olduğu üçün hadisənin qarşısını ala bilməmişdir. Nəticədə İdarə etdiyi “Mercedes Benz E400” markalı avtomobilin ön hissəsi ilə “VAZ2115” markalı 60BG540 dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X9 yüngül dərəcəli bədən xəsarəti almışdır. Digər sürücü X2 xx.xx.2025-ci il tarixdə saat 22 radələrində sahiblik hüququ özünə məxsus olan “VAZ2115”minik markalı 60BG540 dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz şəhəri,Həzi Aslanov küçəsi ilə 40km/saat sürətlə hərəkətdə olmuşdur.Həmin vaxt X10 idarə etdiyi avtomobilin arxa oturacagında əyləşmişdir. O, taksi olaraq Maya Hacıyevanı yaşadığı yerə aparmışdır. O idarə etdiyi “VAZ2115”minik markalı 60BG540 dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz şəhəri Həzi Aslanov küçəsi ilə hərəkətdə olarkən işiqforun yaşıl işiğının yandığını görüb hərəkətinə davam etmişdir.O,idarə etdiyi avtomobil ilə yolayrıcına daxil olduqda yolayrıcına sol tərəf istiqamətdən mercedes markalı minik avtomobilin hərəkətdə olduğunu görmüşdür. O,protiv küçə ilə hərəkətdə olmuş Mercedes markalı avtomobili ilk dəfə gördükdə idarə etdiyi avtomobil ilə həmin avtomobil arasında təxminən 5-6 metr məsafə olmuşdur.O,artıq qəza şəraiti yarandığını görüb toqquşmadan yayınmaq məqsədilə qaz pedalına basıb avtomobilini yolayrıcından çıxarmağa çalışmış,lakin ara məsafəsi çox az olduğundan buna nail ola bilməmişdir. Nəticədə mercedes markalı avtomobilin ön hissəsi idarə etdiyi avtomobilin sol tərəf arxa yan qapısı ilə toqquşmuşdur.Toqquşma nəticəsində idarə etdiyi “VAZ 2115” minik markalı, 60BG450 dövlət qeydiyyat nişanlı avtomobil bir dəfə fırlanıb yenidən üzü Tovuz şəhəri,İstiqlal küçəsi istiqamətində dayanaraq durmuşdur.Hadisə nəticəsində hər hansı şəxs xəsarət almamışdır. Onun sərnişin Maya Hacıyevanın xəsarət almasından və Tovuz RMX –ya müraciət etməsindən sonradan məlumatı olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxsnın barəsində cinayət işinin başlanması rədd edilmiş, İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Tovuz RPŞ-nin X14 bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1963-cü il təvəllüdlü X6 bədən səthində aşağıdakı xəsarətlər vardır: sol qulaq seyvanın cırılmış yarası və sol dirsəyin sıyrıqları küt əşyanın(əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxsnın əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar