Məhkəmə qərarları › İş №3(062)-886/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-886/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-886/2025 03.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı il tarixdə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində sürücülük hüququ əsasında “VAZ-2107” minik markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində sürücülük hüququ əsasında idarə etdiyi “VAZ-2107” minik markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində hərəkətdə olarkən qarşısında hərəkət edən sürücü X2 idarə etdiyi “VAZ-2101” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə onun idarə etdiyi avtomobildə olan sərnişinlər İlkin və Əkbər adlı şəxslərin sağlamlığına dərəcələri təyin edilməyən xəsarətlər almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədən sonra o, xəsarət alan şəxslərə vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Hazırda əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-in 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan: Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 840 nömrəli rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 dərəcəsi təyin edilməyən xəsarət dəymişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 841 nömrəli rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X4 bədən səthində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respunlikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki etdiyi “VAZ-2107” minik markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ və İİİ bəndlərində nəzərdə tutulmuş tələblərə riayət etməyərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materialları ilə müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində sürücülük hüququ əsasında idarə etdiyi “VAZ-2107” minik markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində hərəkətdə olarkən qarşısında hərəkət edən sürücü X2 idarə etdiyi “VAZ-2101” markalı **- CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə onun idarə etdiyi avtomobildə olan sərnişinlər İlkin və Əkbər adlı şəxslərin sağlamlığına dərəcələri təyin edilməyən xəsarətlər almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar