Məhkəmə qərarları › İş №3(062)-889/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-889/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-889/2024 05.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə xx.xx.1983-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əlilliyi olmayan, əvvəllər inzbati xətaya məruz qalmamış, deməsinə görə əvvəllər məhkum olunmamış, Tovuz rayonu Ağdam kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Haqqında Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 21 avqust 2024-cü il tarixdə Tovuz şəhəri M.Musayev küçəsində yerləşən Yüzbaşıyev Elşad İsrayıl oğluna məxsus qeyri-yaşayış binasının arxa tərəfindən dəmir hissəsi uçurmaqla maddi ziyan vurmuşdur. Belə ki, Şəxs Yüzbaşıyev Elşad İsrayıl oğluna məxsus Tovuz şəhəri M.Musayev küçəsində yerləşən 2 sotun içərisində tikilmiş 4 girişli, 102,5 kv metr qeyri yaşayış binasının arxa tərəfinə uzunluğu 15 metr eni 4 metr olan açıq torpaq sahəsinin ətrafına çəkdirdiyi dəmir hasarı qəsdən uçuraraq Yüzbaşıyev Elşad İsrayıl oğluna 500 manat maddi ziyan vurmuşdur. Ona görə də Şəxs barəsində 14 oktyabr 2024-cü il tarixdə MN №1969655 saylı protokol tərtib olunaraq baxılması üçün göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə və Tovuz RPŞ-yə məlumat verilsə də Şəxs və Tovuz RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində olan cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifəlri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xətaya məruz qalmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun həmin maddənin sanksiyasında nəzərdə tutulmuş sanksiyanın aşağı həddində cərimə olunmasını məqsədə müvafiq hesab edir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın (500 manatın) bir tam onda iki misli miqdarına yəni 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar