Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-897/2024 19.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən qeydə alınmış 09 oktyabr 2024-cü il tarixli EQ 24066952 saylı inzibati xəta haqqında elektron qərarlarından şikayətinə Tovuz şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən qeydə alınmış 09 oktyabr 2024-cü il tarixli EQ 24066952 saylı inzibati xəta haqqında elektron inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzbati xəta törətdiyinə görə 40 manat cərimə olunmuşdur. X3 09 oktyabr 2024-cü il tarixli EQ 24066952 saylı qərarın ləğv edilməsi barədə məhkəməyə ərizə vermişdir. Məhkəmə iclasında şikayət verən X3 şikayətini müdafiə edərək göstərdi ki, Tovuz rayonunda qeydiyyatdadır. Mercedes minik markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edən zaman Bərdə rayonunun girişində olan postda onu saxlayan zaman onun dəmir yol keçidini keçən zaman qayda pozuntusu etdiyini bildirmişlər. O polis əməkdaşına qayda pozuntusu etdiyni nəyə əsasən bildiyini soruşduqda ona xüsusi texniki vasitə tərəfindən qeydə alındığını bildirmişlər. Belə olan zaman o polis zabitinə bildirmişdir ki, əgər xüsusi texniki vasitə tərəfindən qayda pozuntusu aşkar olunubsa həmin qayda pozuntusu barədə ona cərimə yazılıb göndərilməlidir. Polis əməkdaşına həmin pozuntuya görə onu saxlamağa ixtiyarının olmadığını bildirmişdir. Bu hal polis əməkdaşının acığına gəlmiş və polis əməkdaşı özünə məxsus mobil telefonla onun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının şəklini çəkmiş və ona hədələyici səs tonu ilə ASAN pay-ın varsa 2 dəqiqəyə cərimənin gələcəyini bildirmişdir. Sonradan onun mobil telefonuna gələn sms və fotoşəkillərdən ona aydın olmuşdur ki, həmin polis zabiti onu postda saxlayaraq ondan nəsə almaq fikrində olub. O qanunun tələbini polis əməkdaşına izah etdikdən sonra polis əməkdaşı onun avtomobilinin nömrəsini çəkərək onun barəsində əsassız protokol tərtib etmişdir. Bunun əsasında isə ona əsassız olaraq 09 oktyabr 2024-cü il tarixli EQ 24066952 saylı qərar qəbul olunmuşdur. Odur ki, 09 oktyabr 2024-cü il tarixli EQ 24066952 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və polis əməkdaşı özünə məxsus mobil telefonla çəkilmiş şəklin qanunsuz olaraq xüsusi texniki vasitə tərəfindən qayda pozuntusu kimi elektron sistemə yerləşdirmiş polis zabitinin qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərar çıxarılmasını xahiş etdi. İş üzrə Azərbaycan Respublikası DİN BDYP-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də qeyd olunan dövlət orqanının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak edə bilməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşdə olan 09 oktyabr 2024-cü il tarixli EQ 24066952 saylı elektron qərarın surətindən görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması qeyd olunmuş və X3 40 manat məbləğində cərimə olunmuşdur. İşə əlavə edilmiş fotoşəkillərdə inzibati xətanın 09 oktyabr 2024-cü il tarixdə Yevlax-Ağdam-Laçın yolunun 16-cı kilometrliyində saat 15:07-də xəta törədilməsi göstərilir. İşə əlavə edilmiş məhkəmənin təşəbbüsü ilə əldə edilmiş “whatsapp” sürətli mesajlaşma internet resursuna göndərilmiş görüntü məhkəmə tərəfədindən tədqiq edilmişdir. Bundan sonra məhkəmə tərəfindən 05 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərilmişdi. Sorğunun məzmunu X2 barəsində tərtib olunmuş 09 oktyabr 2024-cü il tarixli EQ 24066952 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə inzibati iş ilə əlaqədar Namiq İsmayılov barəsində tərtib olunmuş qərara əsas olmuş videogörüntünün (avtomobilin yaxınlaşdırılmış görüntüsünün) Tovuz Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Lakin qərar qəbul edilənədək sorğu icra olunmamışdır. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə olan inzibati xəta haqda 09 oktyabr 2024-cü il tarixli EQ 24066952 saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən təqsirsizlik prezumpsiyası aşağıdakı halları əhatə edir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyət müəyyən olunması əsassızdır. Belə ki, Namiq İsmayılovun istifadəsində olan Mercedes minik markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin 09 oktyabr 2024-cü il tarixdə Yevlax- Ağdam-Laçın yolunun 16-cı kilometrliyində inzibati xəta törətməsi müəyyən edilməmişdir. Əvvəlcə məhkəmənin təşəbbüsü ilə görüntü məhkəmə tərəfindən əldə olunsa da videogörüntüdə avtomobilin ümumi görüntüsü görünsə də onun nə qeydiyyat nişanı, nə də avtomobilə dair hər hansı fərqləndirici xüsusiyyətləri görünmədiyi aşkar olunmuşdur. Məhkəmə ədalətli araşdırma aparılması məqsədi ilə Azərbaycan Respublikası DİN BDYPİ-yə sorğu göndərsə də sorğuya heç bir cavab verilməmişdir. Sorğuya cavab verilməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə sorğuda açıq şəkildə 09 oktyabr 2024-cü il tarixli EQ 24066952 saylı inzbati xətanın törədilməsi barədə qərarın qəbul edilməsinə səbəb olmuş görüntüdə avtomobilin dövlət qeydiyyat nişanının yaxınlaşdırılmış görüntüsünün məhkəməyə təqdim olunması sorğu edilmişdir. Sorğunun məqsədi də İXM-nin ümumi prinsiplərinə (xüsusilə təqsirsizlik prezumsiyası) raiayət etməklə məhkəmə araşdırmasını sonlandırmaq və ədalətli nəticəyə gəlmək olmuşdur. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə İXM-nin ümumi hissənin prinsiplərinə riayət etməklə hesab edir ki, görüntüdə inzibati xəta törədilməsi halı müəyyən olunsa belə əməli törətmiş şəxsin (nəqliyyat vasitəsində törədilmişsə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı) aşkar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzbati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli X2 barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 09 oktyabr 2024-cü il tarixli EQ 24066952 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Məhkəmə həmçinin ərizənin xüsusi qərardad çıxarılması hissəsinə münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası İXM-nin 85-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Hazırkı icraatda inzibati xətada hər hansı bir cinayət əməli aşkar edilməmişdir. Ona görə də ərizə həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat cərimə edilməsinə dair 09 oktyabr 2024-cü il tarixli EQ 24066952 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və barəsində inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-897/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-897/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver